Netanyahu 1 mandatla hamını üstələdi - Seçkinin yekun nəticələri

Netanyahu 1 mandatla hamını üstələdi -  Seçkinin yekun nəticələri
  12 Aprel 2019    Oxunub:2910
İsrailin Mərkəzi Seçki Komissiyası (MSK) Knessetə (parlament) keçirilən seçkilərin yekun rəsmi nəticələrini açıqlayıb.

Azvision.az “Haaretz”ə istinadən xəbər verir ki, yekun nəticələrə əsasən, İsrailin baş naziri Binyamin Netanyahunun “Likud” partiyası parlamentdə daha 1 yer qazanıb və ümumilikdə 36 mandata sahib olub.
Onun başlıca rəqibi - İsrail ordusu baş qərargahının sabiq rəhbəri Beni Hantsın başçılığı altındakı mərkəzçi “Kahol-Lavan” (“Bəyaz-Mavi” - İsrail bayrağının rənglərinə uyğun olaraq adlandırılıb) blokunun parlamentdəki yer sayı isə dəyişməyib və 35 olaraq qalıb.

Hərbçilərin səsinə ümid bağlayan sabiq nazir Naftali Bennetin “Hayamin Hehadaş” yeni sağçı partiyası isə parlamentə keçə bilməyib.

“Likud” partiyası və “Kahol-Lavan” blokundan sonra parlamentdə ən çox mandat qazananlar isə “Şas” (8) və “Vahid Tövrat Yəhudiliyi” (7) ultra-dini partiyalarıdır. Onların Netanyahu ilə sağçı koalisiya hökuməti formalaşıracaqları gözlənilir.

Qeyd edək ki, İsraildəki parlament seçkilərində Knessetdəki 120 yer uğrunda yarışa qatılan 41 partiyadan yalnız 11-i 3,25 faizlik seçki baryerini keçə bilərək mandat qazanıb. Lakin Netanyahunun partiyası da daxil olmaqla, onlardan heç biri təkpartiyalı hökuməti formalaşdırmaq üçün parlamentdə mütləq çoxluğa nail ola bilməyib.

İsraildə koalisiya hökumətini formalaşdırmaq üçün Knessetdəki 120 yerdən azı 61-nə sahib olmaq lazımdır. Lakin əsas məsələ İsrail prezidentinin koalisiya hökumətini formalaşdırmağı parlamentə keçməyi bacaran hansı partiyaya tapşıracağıdır. Çünki prezident çoxluq qazanan partiyaya bu işi həvalə etməyə də bilər. Bu mənada İsrail prezidenti Reuven Rivlinin sabahdan etibarən partiyalarla görüş keçirəcəyi bildirilir. Hansı partiyanın birinci olmasından asılı olmayaraq, Rivlin koalisiya hökumətini qurmağa daha yaxın olan partiya liderinə bu vəzifəni verəcək.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Seçki   Netanyahu   İsrail  





Xəbər lenti