Merkel Poroşenkonun yanında “Şimal axını-2”ni müdafiə etdi

Merkel Poroşenkonun yanında “Şimal axını-2”ni müdafiə etdi
  12 Aprel 2019    Oxunub:2628
Almaniya və Ukraynanın “Şimal axını-2” layihəsinə münasibətdə sərgilədikləri fərqli mövqelərin iki ölkə arasındakı strateji tərəfdaşlığa təsiri yoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Berlində Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında bəyan edib.

“Bu işdə bizim ümumi məqsədimiz ondan ibarətdir ki, Ukrayna qaz tranziti ölkəsi olaraq qalsın. Ona görə də biz təklif etdik ki, danışıqlar təkcə Rusiya və Ukrayna arasında yox, həm də Avropa İttifaqının iştirakı ilə aparılsın. Bu, davam edəcək. Mən Rusiya prezidentinə də həmişə demişəm ki, “Şimal axını-2” layihəsi mənim üçün Ukraynanın tranzit ölkə olaraq qalacağı anlamına gəlir. Bu layihəyə dair Ukrayna ilə fərqli mövqelərimizin olmasına rəğmən bizim strateji tərəfdaşlığımız sarsılmayacaq, çünki ümumi mövqelərimiz çoxdur” – Merkel vurğulayıb.



Xatırladaq ki, 1220 kilometr uzunluğundakı “Şimal axını-2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi “Qazprom” bəyan edib ki, “Şimal axını-2” layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq. Bu layihə indiyədək Rusiya qazının Avropaya ötürülməsində başlıca rol oynayan Ukraynanın tranzit ölkə kimi əhəmiyyətinə ciddi zərbə vuracaq.

Ukrayna ilə yanaşı, Baltikyanı ölkələr və Polşa da “Şimal axını-2” qaz boru kəmərinin tikintisinə qarşı çıxırlar. Onlar hesab edirlər ki, “Şimal axını-2” iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığını daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Almaniya   Rusiya   “Şimalaxını-2”  





Xəbər lenti