Lavrov Moskva görüşü haqqında: “Nizamlanmanın təfərrüatları məxfidir”

 Lavrov Moskva görüşü haqqında:  “Nizamlanmanın təfərrüatları məxfidir”
  17 Aprel 2019    Oxunub:3230
Rəsmi Moskva hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Bakı və İrəvan arasında əldə olunan son razılaşmalar həyata keçiriləcək.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı İviça Daçiçlə görüşdən sonra keçirdiyi mətbuat konfransında Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında baş tutan Moskva danışıqlarını şərh edərkən deyib.

“15 apreldə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilən Moskva görüşünün yekunlarında mənim hal-hazırda gedən işlərin atmosferini hiss edərək, bu cür düşünməyimə əsas yarandı ki, Bakı və İrəvan bu dəfə əldə olunan razılaşmaların kağız üzərində qalmamasında maraqlıdırlar. Rusiya bunun həyata keçməsinə kömək edəcək”, – deyə Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri, həmçinin bu dəfəki danışıqlarda münaqişənin həllinə dair Moskvanın 2016-cı ildə verdiyi təkliflərə də toxunulduğunu deyib. Bildirib ki, azərbaycanlı həmkarı Elmar Məmmədyarov görüşün yekunlarına dair müsahibələrindən birində həmin təkliflərin müzakirə olunduğunu qeyd edib:

“Həmin təkliflərin məğzinin nə olduğuna gəlincə isə, onlar tərəflər arasında ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi, müdaxilələrə və güc tətbiqinə yol verməmək prinsiplərinə əsaslanan razılaşmalar əldə olunmasını ehtiva edir. Bu prinsiplər Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa, ABŞ rəhbərlərinin bir sıra bəyanatlarında təsbit olunmuş yanaşmalara, həmçinin, ötən ilin dekabrında ATƏT Xarici İşlər Nazirləri Şurasının son iclasında səsləndirilmiş bəyanatlara uyğun gəlir. Orada nizamlanma istiqamətində görülən işlərin bütün təməl istiqamətləri göstərilib. Təfərrüatlar isə, əlbəttə ki, məxfidir”.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 15 apreldəki Moskva danışıqlarının yekunu ilə bağlı yaydıqları birgə bəyanatda görüş iştirakçılarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının başlıca aspektləri barədə hərtərəfli fikir mübadiləsi apardıqları qeyd olunub. Üç ölkənin XİN rəhbərləri, eləcə də ATƏT-in Minsk qrupuhəmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gələcəkdə, xüsusən də kənd təsərrüfatı fəaliyyəti zamanı sabit qalmasında maraqlı olduqlarını vurğulayıblar.

“Tərəflər həmçinin, hər iki ölkə ərazisində saxlanılan əsirlərin yaxınlarının onlarla görüşməsi üçün qarşılıqlı əsasda tədbirlər həyata keçirmək barədə razılığa gəliblər. Nazirlər kütləvi informasiya vasitələri nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlar arasında əlaqələrin qurulması istiqamətində praktiki işlərin başladılmasına hazır olduqlarını da bildiriblər” – bəyanatda bildirilib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Rusiya  





Xəbər lenti