Əfqanıstan üzrə sülh danışıqları ləğv olundu

  18 Aprel 2019    Oxunub : 754
Əfqanıstan üzrə sülh danışıqları ləğv olundu
17 ildən çoxdur ki, Əfqanıstanda hökm sürən müharibəyə son qoymaq məqsədilə sabah Qətərin paytaxtı Dohada “Taliban” silahlı hərəkatı ilə Əfqanıstan siyasətçiləri və vətəndaş cəmiyyəti arasında baş tutacaq danışıqlar ləğv olunub.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə danışıqların təşkili ilə məşğul olan rəsmi mənbələr bildirib. Görüşün təxirə salınmasına səbəb isə “Taliban”ın danışıqlarda iştirak edəcək Əfqanıstan nümayəndə heyətinin tərkibinə etiraz etməsidir. Məlumatı silahlı hərəkatın özü də təsdiqləyib.

“Taliban”ın sözçüsü Zabiyulla Mücahid bəyan edib ki, hərəkatın liderləri Əfqanıstan nümayəndə heyətinin sayı və tərkibini təqdir etməyiblər.

“Onların (Əfqanıstan hökuməti) heyətində bəzi nümayəndələrin iştirakı əvvləcədən razılaşdırılmış siyahıya tamamilə zidd idi. Çünki nümayəndə heyətinin tərkibinə hökumətə işləyən əfqanlar da salınmışdı” – Mücahid vurğulayıb.

Bildirilir ki, Əfqanıstanın nümayəndə heyətinin tərkibinə sentyabrdakı prezident seçkiləri ərəfəsində ölkə rəhbəri Əşrəf Qaninin cəbhəsinə keçməyə tərəddüd edən nüfuzlu siyasi fiqurlar da salınmayıb.

Qeyd edək ki, ötən gün Əşrəf Qani danışıqlarda iştirak edəcək 250 nəfərlik Əfqanıstan nümayəndə heyətinin tərkibinə bəzi hökumət rəsmilərinin də salındığını demişdi.

Adının çəkilməsini istəməyən qərbli diplomat isə yeni görüşün tarixi barədə müzakirələrin aparıldığını deyib: “Bu görüşün baş tutması üçün Əfqanıstan hökuməti öz nümayəndə heyətinin tərkibini dəyişməlidir.”

Xatırladaq ki, “Taliban” qruplaşması hökumətlə birbaşa dialoqdan dəfələrlə imtina edib və bunu Əfqanıstan hökumətinin “ABŞ-ın kuklası” olması ilə izah edirlər. Onlara görə, hökumətlə birbaşa rəsmi danışıqlara başlamazdan əvvəl bir sıra şərtlər yerinə yetirilməli, xüsusən də, ABŞ başda olmaqla bütün xarici silahlı qüvvələr Əfqanıstandan tam çıxarılmalıdır. Bu səbəbdən də, “Taliban” indiyədək əsasən ABŞ rəsmiləri ilə bir neçə mərhələdə görüşlər keçirib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Taliban   Əfqanıstan   ABŞ