Şoumen prezident: Zelenski kimdir? - DOSYE (FOTOLAR)

  Şoumen prezident: Zelenski kimdir? -    DOSYE (FOTOLAR)
  22 Aprel 2019    Oxunub:15844
Ötən gün Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda gözlənildiyi kimi aktyor Vladimir Zelenski qələbə qazanıb. O, böyük səs çoxluğu ilə hazırki ölkə başçısı Petro Poroşenkonu məğlub edərək Ukrayanın yeni prezidenti seçilib.
Azvision.az -ın məlumatına görə, Vladimir Zelenski 1978-ci ilin yanvarın 25-də Ukraynanın Krivoy Roq şəhərində anadan olub. Atası texnika elmləri doktoru, ali məktəb müəllimi, anası evdar qadındır.



Vladimir orta məktəbin birinci sinfini atasının işlədiyi Monqolustanda bitirib, sonra Krivoy Roqda ingilis dili təmayüllü gimnaziyada təhsil alıb.

Uşaqlıqda Yunan-Roma güləşi, ağır atletika ilə məşğul olub, basketbol və voleybol oynayıb. Bundan əlavə, pianoda ifa etməyi öyrənib, bir müddət rəqs dərsləri alıb.

Zelenski 16 yaşında İsraildə pulsuz təhsil almaq üçün qrant qazanıb. Lakin atası orada oxumağı ilə razılaşmayıb. 1995-ci ildə orta təhsilini iki “4”-lə bitirib. Məktəb illərində diplomat olmağı arzulayıb və bu məqsədlə Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət Universitetinə və Beynəlxalq Münsibətlər üzrə Kiev Dövlət Universitetinə qəbul olmaq üçün hazırlaşıb.

Zelenski, həmçinin orta məktəbdə dərnək tamaşalarında fəal iştirakı, yerli ansamblda gitara çalması ilə fərqlənib, orada şən və hazırcavablar klubu yaradıb, şəhərin analoji klubunda çıxış edib.



Vladimir Zelenski Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirib, ancaq heç vaxt öz ixtisası üzrə işləməyib. 1997-ci ildə “95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub. 2003-cü ildən Ukraynanın “1+1” telekanalı ilə əməkdaşlıq edib, kulinar şouya aparıcılıq edib.



Bundan əlavə, Zelenski 2005-ci ildən “İnter” telekanalında axşam şousuna müəlliflik edib, məşhurlaşaraq müxtəlif tamaşalarda, filmlərdə rollar alıb.



Zelenski Azərbaycanda iki dəfə səfərdə olub. Onlardan biri 2017-ci ildə tanışlıq xarakterli, ikincisi isə qastrol məqsədilə olub. Qəbələdə keçirilən 12-ci Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalının qonaqlarından olan Zelenski öz komandası ilə tamaşaçıların qarşısına çıxıb.



Festival çərçivəsində təəssüratlarını bölüşən şoumen Qəbələnin gözəl təbiəti olduğunu və oranı çox sevdiyini bildirib. Səfər zamanı Zelenski Azərbaycan yeməklərinin dadına baxıb, Heydər Əliyev Mərkəzi, Qobustan kimi bir çox yerlərə baş çəkib.

Qeyd edək ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenski 2003-cü ildən ailəlidir, bir qızı, bir oğlu var.















Azvision.az



Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti