“Lyuk”a düşən bolidlər: Bakıdakı qəza ilk deyil - VİDEO

  26 Aprel 2019    Oxunub : 8954
 “Lyuk”a düşən bolidlər: Bakıdakı qəza ilk deyil - VİDEO
Bu gün Bakıda start götürən "Formula 1" yarışlarının birinci sərbəst yürüşündə bolidlərdən biri qəzaya düşüb. Belə ki, “Williams” komandasının üzvü Corc Rasselin idarə etdiyi bolid "lyuk"a ilişərək sıradan çıxıb.
Marşallar dərhal bolidi xüsusi avtomobillə trasdan kənarlaşdırıblar. Pilot isə pitleynə qayıdıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayaraq bəyan edib ki, sözügedən hadisənin yaranmasına səbəb "lyuk" altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır.

Dərhal Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin "lyuk"un təhlükəsiz şəkildə əvəzolunması və trekdə olan bütün digər "lyuk"ların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işlər görülüb.



Məlum hadisə sosial şəbəkələrdə xoşagəlməz müzakirələrə səbəb olub. Bir qrup şəxs bolidin qəzaya düşməsini sanki böyük fəlakət kimi təqdim edərək, məsələnin mahiyyətini qəsdən başqa istiqamətə yönəldib. Hansı ki, "Formula 1" izləyiciləri yaxşı bilirlər ki, yarış traslarında bu cür hadisələr tez-tez baş verir. Bakıdakı hadisə də "Formula 1" tarixində ilk deyil. Belə qəzalar dəfələrlə olub və idman ictimaiyyəti tərəfindən normal qarşılanır. Təbii ki, heç bir ölkə bundan sığortalanmayıb.

Bakı trasında qəzaya düşən “Williams” komandasının pilotu Corc Rassel da açıqlamasında deyib ki, yarışlarda belə situasiyaların baş verməsi normaldır:

“Yarışlarda belə halların olması normaldır. Mənim özümə isə heç nə olmayıb və hazıram”.

Qeyd edək ki, bundan əvvəl 1990-cı ildə Monreal şəhərində keçirilən Dünya çempionatında, 2004-cü ildə Şanxayda, 2005-ci ildə Çin Qran-Prisində, 2010-cu ildə Monako Qran-Prisində, 2016-cı ildə yenidən Monako Qran-Prisində, 2017-ci ildə Malayziya Qran-Prisində də oxşlar qəzalar qeydə alınıb.

Azvision.az

Teqlər: Formula-1