“Tıxac olanda avtobus və metrodan istifadə edirəm” - Deputatla MÜSAHİBƏ

  08 May 2019    Oxunub : 6093
“Tıxac olanda avtobus və metrodan istifadə edirəm” - Deputatla MÜSAHİBƏ
"Deputat maaşım məni tam qane edir, şikayətçi deyiləm"
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramovun Azvision.az -a müsahibəsi:

Bildiyimiz kimi qarşıdan növbəti parlament seçkiləri gəlir. Bu il sizin fəaliyyətinizin 4 ili tamam olur. Seçicilərinizin etimadını doğrulda bildinizmi?

- Sözün düzü, öz fəaliyyətimə qiymət verə bilmərəm. Bunu ancaq seçicilərim edə bilər. Təbii ki, 4 il ərzində Milli Məclisin deputatı kimi vəzifələrim sırasında qanunvericilik işi, xarici səfərlərlə bərabər, əsas vəzifəm seçicilərlə görüşmək, onları dinləməkdir. Onların yaşadığı ərzilərdə narahat edən problemlərin həllinə çalışmaqdır. Düşünürəm ki, 4 il ərzində seçicilərimlə müəyyən münasibət qura bilmişəm. Tez-tez millət vəkili seçildiyim dairəyə səfər edirəm. Mütəmadi olaraq seçicilərlə görüşlər keçiririk, eyni zamanda görüşlər ancaq sual-cavab formatında deyil. Görüşlər zamanı seçicilərimə ölkədəki ictimai-siyasi vəziyyət, baş verən hadisələr, həyata keçirilən islahatlar, uğurlar barədə məlumat verirəm. Seçicilərimizi dinləyirik, onların qaldırdıqları problemlərlə bağlı müəyyən işlər görməyə çalışırıq. Təəssüf ki, deputatın geniş səlahiyyət dairəsi yoxdur. Ən azından seçicilərin problemlərini dinləmək və bununla bağlı aidiyyatı qurumlara müraciət etmək imkanımız var. Bunu da həyata keçiririk.

Seçiciləriniz sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

- Hər məntəqənin özünəməxsus problemləri var. Seçicilərlə görüşümüz zamanı düşünülməsin ki, görüş keçirdik, müraciətləri dinlədik, seçicilərin ad-soyadlarını qeyd etdik və bununla da kifayətləndik. Xeyr, bu belə deyil. Biz hər iki aydan bir görüşlərlə bağlı təhlil aparırıq. Məsələn, təmsil etdiyim ŞəmkirDaşkəsən rayonlarında üstünlük təşkil edən problemləri ümumiləşdiririk, təhlil edirik, müəyyən edirik ki, vətəndaşlar tərəfindən daha çox hansı problemlər qaldırılır. Şəmkir rayonunda daha çox təhsil müəssisələrinin əsaslı təmiri, tikintisi, məşğulluqla, içməli və suvarma su təmiatı ilə bağlı məsələ qaldırılır. Bununla yanaşı seçicilərin fərdi şikayətləri də ola bilər. Fərdi müraciətləri də dinləyirik və çalışırıq həll edək. Ünvanlı sosial yardım, pensiya məsələləri ilə bağlı da müraciət edirlər. Daşkəsən rayonunda daha çox məşğulluqla bağlı məsələ qaldırılır. Ölkə üzrə müvəqqəti işlə təmin olunma kampaniyası var. Daşkəsən rayonunda vaxtilə filiz saflaşdırma kombinatı fəaliyyət göstərirdi. Həmin yerdə 4000 min nəfər çalışırdı. Son zamanlar işçilərin sayı və istehsal azalmışdı. Cənab prezidentin sərəncamı ilə həmin müəssisə özəlləşdirməyə çıxarılıb və hal-hazırda özəlləşdirmə prosesindədir. Həmin müəssisə özəlləşdirildikdən sonra Daşkəsən rayonunda işsizlik məsələsi aradan qaldırılacaq. Daşkəsən rayonunda əsas problemlərdən biri qaz təchizatı məsələsidir. Müəyyən məntəqələrdə qazlaşdırılma gedib, bu il də bir neçə kəndin, qəsəbənin qazlaşdırılması nəzərdə tutulub. Vətəndaşların qaldırdığı məsələlər tədricən öz həllini tapır.



Seçicilərin problemlərin həll etmək üçün dövlət məmurlarına, nazirlərə müraciət edirsizmi?

-Bu günə belə bir problem yaşamamışam. İstənilən nazirliyə, dövlət qurumuna, dövlət komitəsinə, agentliyə zəng edəndə hamısı əlçatandı. Seçicilərimin problemlərini onlara da çatdırıram. Müraciətləri aidiyyatı üzrə ünvanlayıram. Bundan başqa hər il Azərbaycan hökuməti Milli Məclisdə hesabat təqdim edir. Hökumətin hesabatı zamanı təmsil etdiyim Şəmkir-Daşkəsən seçki dairəsinin seçicilərini narahat edən problemlər qaldırılır. İclasların özündə də müraciətlər olunur və öz çıxışlarımda da bu barədə danışıram.

Belə fikirlər səsləndirilir ki, parlamentdəki deputatların əksəriyyəti yaşlıdır və Milli Məclisdə gəncləşmə siyasəti aparılmalıdır. Sizin buna münasibətiniz necədir?

- Deputat adına layiq görülmək üçün burada yaşın heç bir əhəmiyyəti yoxdur. Bu məsələ bizim istəyimizlə həll olunmur. Bu, Azərbaycan xalqının iradəsi nəticəsində reallaşan bir məsələdir. Seçicilər qərar verməlidir ki, parlament gəncləşməlidir, ya yox. Milli Məclisdə həmkarlarla ünsiyyətdə oluruq, görüşürük. Həmkarlarımız arasında yaşlı da, cavan da var. Hərəsi özünə görə müəyyən təcrübə sahibidir. Yaşlılar arasında çox zəngin təcrübəli insanlar var. Gənclər, daha enerjili insanlar var. Gəncləşməlidir, ya yox qərarını seçicilər verir.

Bundan öncə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsində çalışmısınız. Hazırda isə deputat mandatı daşıyırsınız. Bu iki işiniz arasında hansı fərqlər var və hansı işiniz daha çətin idi?

- Hər iki vəzifədə olmaq çətin və şərəflidir. Dövlətə, xalqa xidmət etmək ilk növbədə məsuliyyətli bir işdir. Hər vəzifənin, iş yerinin öz xüsusiyyətləri var. 8 il Prezident Administrasiyasında çalışdım. Böyük məsuliyyət, bacarıq tələb edən vəzifədir. Milli Məclisin də öz xüsusiyyətləri var. Burada seçicilərlə daha çox ünsiyyətdə olursan. Bu da məsuliyyətli və çətin işdir. İnsanlara xidmət etməkdən yaxşı iş ola bilərmi? İşlərimiz çətin də olsa, lazımlı işdir və şəxsi iş təcrübəsi baxımından da yaxşıdır. İnsanlarla görüşürsən, aidiyyatı qurumlarla, dövlət adamları ilə ünsiyyətdə olursan, xarici səfərlərdə ölkəni təmsil edirsən, bu, təcrübə üçün yaxşı olmaqla yanaşı, dövlətçiliyimizin qorunması baxımından, vətəndaşlarımızın maraqlarının və mənafelərinin təmin edilməsi baxımından olduqca hər iki vəzifə əhəmiyyətlidir.



Bundan öncə də qeyd etdik. Qarşıdan növbəti parlament seçkiləri gəlir. Növbəti dəfə deputat seçilmək istərdinizmi?

-Bu da şəxsi istək deyil. Hakim Yeni Azərbaycan Partiyasının deputatı olaraq bu qərarı mən qəbul etmirəm. Partiya necə məsləhət görsə, partiyanın qərarına tabe olub ona uyğun fəaliyyət göstərəcəm. Məsləhət olsa, namizədliyim irəli sürüləcək. Partiyanın qərarı necə olarsa, ona uyğun fəaliyyət göstərəcəm.

Bəzi həmkarlarınız demək olar ki, plenar iclaslarda çıxış etmirlər. Sizin də çıxışlarınız az olur. Özünüzü Milli Məclisin aktiv deputatı hesab edirsizmi?

-Komitə iclaslarında daha çox çıxış edirəm. Üzvü olduğum Regional məsələlər komitəsinin iclaslarında müzakirə olunan layihələrlə bağlı fikrimi bildirirəm. Plenar iclaslarda çıxış etməyə gəlincə, komitə iclasında müzakirə olunan layihələrə münasibət bildirmişəmsə, onların yenidən plenar iclasda təkrarlanması düzgün deyil. İctimai əks-səda doğuran məsələlərlə bağlı çıxışlarım olur. Bizim komitəmizin fəaliyyətinə aid olan “İnzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” dinlənilən zaman onunla bağlı çıxışlarım olur. Hökumətin hesabatının dinlənilməsi zamanı da çıxışlarım olur. Komitə iclaslarında etdiyim çıxışları təkrar etmək istəmədiyim üçün plenar iclaslarda çıxışıma lüzum görmürəm.



Deputatların iclaslarda iştirakı ilə bağlı da məsələ qaldırılmışdı. Bəzilərinin iclasın birinci hissəsində olub, ikinci hissəsində olmadığı qeyd olunurdu...

-Biz Milli Məclisin deputatı kimi fəaliyyət göstəririksə, başlıca vəzifə plenar iclaslarda iştirak etmək, müzakirəyə təqdim olunan layihələrlə bağlı fikir bildirmək, səs verməkdir. Ola bilər ki, müəyyən üzürlü səbəblərdən deputat iclasda iştirak etməsin. Bu da xarici səfərlərlə bağlı ola bilər. Bundan başqa üzürlü səbəb yoxdursa, iştirak olmalıdır. Milli Məclisin iclasında kvorum olmalıdır. Qanunların qəbul olunması üçün səs çoxluğu lazımdır. Bu baxımdan hər birimizin borcu və vəzifəsidir ki, plenar iclaslarda iştirak edək.

Deputat həmkarlarınızla münasibətiniz necədir? Aralarında dostluq etdikləriniz varmı?

-İlk dəfə seçilən deputat kimi bildirim ki, Milli Məclisdə çox gözəl mühit var. Böyük bir ailədir. Parlamentdə hər hansı bir qərəzli münasibət və s. müşahidə etməmişəm. Deputatların hər biri ilə çox gözəl münasibətimiz var. Komitə üzvləri ilə tez-tez görüşürük. Kiminləsə yaxın və uzaq münasibət yoxdur. Həm xarici, həm də daxili səfərlərdə olan tədbirlərdə yol yoldaşı oluruq. Çox doğma münasibət var, heç bir problemlə üzləşməmişəm.

İctimai nəqliyyatdan istifadə edirsizmi? İctimaiyyət arasında deputat olaraq sizi tanıyıb yaxınlaşanlar olurmu?

-Bəli, ictimai nəqliyyatdan istifadə edirəm. Avtobus və metrodan istifadə edirəm. Paytaxtda hər hansı böyük bir tədbir keçirilən zaman avtomobillə getmək olmur. Bu zaman ictimai nəqliyyata üstünlük verirəm. Şəhərdə olduğum zaman çox da olmasa deputat olaraq tanıyıb yaxınlaşanlar olub. Hər hansı verilişdə qonaq kimi görüblər, müəyyən məsələ ilə bağlı da yaxınlaşan olub. Onları da dinləmişəm. Bizdə belə bir qayda yoxdur ki, mənə mütləq təmsil etdiyim dairədə yaşayan və qeydiyyatda olan insan müraciət etməlidir. Digər dairədən olan deputatın seçicisi də bizə müraciət etsə, onun problemini dinləmək və aidiyyatı üzrə yönləndirmək borcumuzdur.



İctimai nəqliyyatın hazırkı durumu sizi qane edirmi?

-Son zamanlar paytaxtın nəqliyyat infrastrukturu, ictimai nəqliyyatın inkişafı ilə bağlı çox işlər görülüb. Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini xüsusi qeyd etmək istərdim. Yaxşılığa doğru çox böyük dəyişikliklər baş verib. Son zamanlar yol hərəkətinin tənzimlənməsi, tıxacların aradan qaldırılması, yolların keyfiyyətli ilə bağlı çox böyük nailiyyətlər əldə edilib.

Bəzən deputatların maaş məsələsi gündəmə gətirilir. Bugünkü deputat maaşınız sizi qane edirmi?

-Deputat maaşımla bağlı şikayətçi deyiləm. Deputat maaşım məni tam qane edir. Düşünürəm ki, əhəmiyyətli bir məsələdir. Vəzifəni, insanlarla işləməyi nəzərə alaraq maaş ikinci dərəcəli bir məsələdir. Əsas olan insanlarla işləməyimizdir.

Hansı qanunvericilik təşəbbüsləriniz olub və sizin komitənizdə yadınızda qalan qanun layihələri hansılardır?

-Regional məsələlər komitəsi qanunyaratma fəaliyyəti baxımından fəaldır. Bizim komitənin nəznində həm komitə üzvlərindən, həm də bələdiyyələrin milli assosiasiyalarının, bələdiyyə sədrlərindən və üzvlərindən ibarət bir işçi qrupu yaradılıb. İşçi qrupu bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müəyyən layihələr hazırlayıb. Bir neçə iclas keçirilib. Bizim komitədə fəal bir iş gedir. Yadda qalan inqilabi bir layihə olub. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə ötən il bir sənəd daxil olmuşdu. Bələdiyyələr tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən məlumatların maneəsiz alınmasını nəzərdə tutan layihə idi. Bələdiyyələr uzun müddət idi ki, bununla bağlı problem yaşayırdılar. Əmlak vergisinin toplanmasında çox mühüm və gərəkli layihə idi. Cənab prezident bələdiyyələrə öz diqqət və qayğısını bir daha nümayiş etdirdi. Həmin layihə Milli Məclisdə qəbul olunaraq qüvvəyə mindi və bugünkü gündə bələdiyyələr həmin qanundan səmərəli faydalanırlar.

Parlamentin Regional məsələlər komitəsinin üzvüsünüz. Bələdiyyələrin fəaliyyətini qənaətbəxş hesab edirsizmi?

-Yerli özünüidarəetmə demokratik cəmiyyətin əsas elemnetlərindən biridir. Bələdiyyələr konstitusion qurumlardır. Konstitusiyada bələdiyyələrə 1 fəsil həsr olunub. 1999-cu ildən fəaliyyət göstərirlər və 4 bələdiyyə seçkisi keçirilib. Bu il həm bələdiyyələri 20 yaşı tamam olur, həm də 5-ci seçkiləri keçiriləcək. Bu müddət ərazində bələdiyyələrin yüksəlişi ilə yanaşı mənfi məqamları da olub. Vaxtilə bələdiyyələrin nüfuzu ayrı cür təqdim olunurdu. Onlar torpaqsatan qurum kimi təqdim olunurdu. Bu gün isə deyə bilərik ki, bələdiyyələrin fəaliyyətində çox böyük dönüş yaranıb. Onlar qanunda nəzərdə tutulmuş fəaliyyətləri ilə məşğuldular. Xüsusilə, yerli vergi ödənişlərinin toplanması ilə bağlı. Eyni zamanda qanuna əsasən digər vəzifələri də var.



Nə üçün bizdə bələdiyyələr nüfuz sahibi ola bilmir. Bir çox hallarda şikayətlər olur. Bələdiyyələrin fəaliyyətini daha da yüksəltmək üçün hansı işlər görülməlidir? Bələdiyyələrin fəaliyyətinə nə kimi maneələr var?

- Bələdiyyələrin normal fəaliyyətinin təmin edilməsi üçün bir neçə şərt mövcuddur. Bələdiyyələrin fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılması, seçkiliyi, müstəqilliyi, təşkilatlanması, dayanıqlı maliyyə təminatının təmin edilməsi və bacarıqlı kadr təminatı. Bu şərtlər bələdiyyələrin normal fəaliyyəti üçün əsas yaradan cəhətlərdir. Bu sahədə müəyyən irəliləyiş əldə olunub. Bələdiyyələrin fəaliyyət göstərdiyi 20 il ərazində çox möhkəm, dayanıqlı qanunvericilik bazası yaradılıb. Bələdiyyələrin fəaliyyətinə aid olan 20-dən çox qanun, 300-dən çox normativ hüquqi aktlar qəbul olunub. Bələdiyyələrə 4 seçki keçirilib və yaxşı bir seçki təcrübəsi yaradılıb. Bələdiyyə seçkilərinin keçirilməsi çox mürəkkəb bir prosesdir. Əvvəllər bələdiyyələrin sayı 2755 idi. Bu gün isə bələdiyyələrin sayı 1606 enib. 2004-2009-cu illərdə bələdiyyələrin birləşməsi prosesi baş verib. Maliyyə baxımından zəif olan, orada yaşayan insanların istəyi ilə qonşu bələdiyyələrin birləşməsi prosesi gedib. İnsanlar maliyyə baxımından daha qüdrətli bələdiyyələr görmək istəyirlər. Bələdiyyələr seçkili orqan olduğu üçün müstəqil fəaliyyət həyata keçirirlər. Öz yerli büdcələrinə malikdirlər. Bələdiyyələrin statusu haqqında qanuna əsasən, hər il fəaliyyətləri üçün müəyyən proqramlar qəbul etməlidirlər və həmin proqramlara uyğun olaraq fəaliyyət göstərməlidirlər. 2006-cı ildə bələdiyyələrin təşkilatlanması prosesinə start verilib. Nəticədə şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları yaradılıb. Onların əsas vəzifəsi bələdiyyə fəaliyyətinin, qanunverciliyinin təkmilləşdirilməsi, ümumiyyətlə, bələdiyyələrin təşkilatlanmasında əsas rol oynayan qurumlardır. Hər il ümumi yığıncaqlar keçirirlər. Həmin yığıncaqlarda bələdiyyələri narahat edən məsələlər, gördüyü işlər, qarşıda duran vəzifələr müzakirə olunur. Bu illər ərzində bələdiyyələrin maliyyə imkanlarının artırılması istiqamətində də müəyyən tədbirlər görülüb. Yerli vergi ödənişlərini yığırlar, amma yığım prosesində də müəyyən problemlər mövcud idi. Qanunvericiliyin təkmilləşdirilməsi, yeni qanunların qəbul olunması və mövcud qanunlara dəyişikliklərin edilməsi nəticəsində yerli vergi və ödənişlərin yığılması prosesi xeyli asanlaşdırılıb. Bunun nəticəsində ildə-ilə həm vergi, həm də ödənişlərin yığılmasında müəyyən artıma nail olublar. Bələdiyyələr əsas vergiləri vətəndaşlardan toplayırlar. Həmin vəsaitləri insanlara xərcləyirlər. Ərazilərdə abadlıq işləri, yolların çəkilməsi, kövrək təbəqələrə maliyyə yardımın göstərilməsi, məişət tullantılarının toplanması, ekoloji və s. məsələlərlə bağlı işlər görürlər. Ödənilən vergi xidmət formasında insana qayıdır. Bu işlərlə yanaşı bələdiyyələrin saxlanılması xərcləri var. Bələdiyyənin aparatı, icra orqanı və orada çalışan şəxslər var. Bir az çətin olsa da, bələdiyyələr bunun öhdəsindən gəlirlər. Kadr məsələsi ilə bağlı son bələdiyyə seçkilərini misal gətirmək istərdim . Bələdiyyə seçkilərinə maraq get-gedə artır. Həm bələdiyyə seçmək, həm də seçilmək baxımından çox böyük maraq var. Xüsusilə gənclərimiz, qadınlarımız çox böyük sayda müraciət etmişlər. Son seçkilərdə ölkə üzrə 15035 bələdiyyə üzvü yerinə 38 min insan namizədliyini irəli sürmüşdü. Orta hesabla hər yerə 2.5 nəfər düşür. 2009-cu ilin seçkilərində bu göstərici 1.9 olmuşdu. Bu o deməkdir ki, insanların bələdiyyələrə marağı artmaqdadır. Ötən seçkilərdə bələdiyyələrə seçilən insanların 89 faizdən çoxu ali təhsilli idi. Bələdiyyə seçkilərində iştirak edən şəxslərin mütləq ali təhsilli olması şərt deyil. Seçicilərimizin müdrikliyinə baxın ki, daha çox ali təhsilli insanlara səs veriblər. Bu o deməkdir ki, bizim seçicilərimiz düşünülmüş seçim edirlər. Təhsili daha yüksək olan şəxslərə üstünlük verirlər. Seçilmiş bələdiyyə üzvlərinin 30 faizi qadınlardır. Bələdiyyə üzvlərinin 36 faizi gənclərdir. Cəmiyyətimizin qadınları, gəncləri bələdiyyəyə maraq göstərirlər. Növbəti seçkilərdə də bu cür maraq olacağına inanıram. Bələdiyyə seçkilərində getdikcə seçici fəallığı da artmaqdadır.

Paytaxtda mer seçkilərinin keçirilməsi ilə bağlı təkliflər var idi. Bununla bağlı fikirlərinizi bilmək istərdik...

-Qanunvericiliklə belə bir məsələ nəzərdə tutulmayıb. İndiki mərhələdə buna lüzum görmürəm. Müəyyən müddətdən sonra hansısa belə bir plan, zərurət ola bilər. Bu bizim səlahiyyətimizə aid olan məsələ deyil ki, biz deyək ki, olmalıdır, ya olmamalıdır. Bakıda 53 bələdiyyə fəaliyyət göstərir. Hərəsinin bir neçə üzvü var. Bələdiyyələrlə yanaşı icra hakimiyyətləri fəaliyyət göstərir. Onların səlahiyyətləri tam ayrı qanunla nəzərdə tutulmuş vəzifələrdir. Əgər icra hakimiyyətləri daha çox dövlət proqramında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirirlərsə, bələdiyyələr yerli səviyyədə, öz qəbul etdikləri yerli proqramlar çərçivəsində nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər. İndiki halda tək Bakı şəhərində deyil, digər bir yerdə də mer institunun yaradılmasına ehtiyac yoxdur.

Siz ixtisasca hüquqşünassınız. Bildiyimiz kimi, bu yaxınlarda ölkə başçısı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Necə düşünürsüz, bu sahədə hansı islahatlara ehtiyac var?

- Bu, çox inqilabi xarakter daşıyan bir fərmandır. Məhkəmə-hüquq islahatlarının davam etdirilməsinin məntiqi nəticəsidir. Fərmanın qəbul olunmasından əvvəl də bu sahədə bir çox işlər görülüb. Məhkəmə-hüquq islahatları həyata keçirilirdi. Əsas məqsəd Azərbaycan dövlətində müstəqil, qərəzsiz ədalət mühakiməsi prosesinin təmin edilməsidir. Bugünkü günə qədər bu sahədə bir çox işlər görülüb. Məhkəmə-hüquq sisteminin müstəsna əhəmiyyəti var. Ona görə ki, vətəndaşların konstitusiya və qanunlarda nəzərdə tutulmuş hüquqlarının təmin olunmasının bir üsulu, vasitəsidir. Bu baxımdan məhkəmə hakimiyyətinin müstəqilliyi, qərəzsizliyi, şəffaflığı ön plana çəkilir. Adıçəkilən fərman bu sahədə çox böyük rol oynayır. Həmin fərmanda bir çox tədbirlər nəzərdə tutulub. Bir sıra yeni qanunvericilik aktlarının hazırlanması ilə bağlı tapşırıqlar, tövsiyələr verilib. Məhkəmə sədr və hakimlərinin ədalət, qərəzsizlik, obyektivlik, şəffaflıq, prinsiplərinə riayət olunması tövsiyə olunub. Bilirsiniz ki, ölkəmizdə sahibkarlar üçün əlverişli və yaxşı şərait yaradılır. Onların hüquqlarının, maraqlarının və mənafelərinin qorunması baxımından həmin fərmanda ciddi tövsiyə və tapşırıqlar verilib. Sahibkarların məhkəmələrə əlçatanlığının asanlaşdırılması, sahibkarlarla bağlı baxılan işlərə daha təcrübəli hakimlərin cəlb olunması, sahibkarların vergi və ödənişlərin toplanması ilə bağlı, sahibkarlarla bağlı məsələlərə və işlərə baxılması üçün ayrıca ixtisaslaşdırılmış bir məhkəmənin yaradılması nəzərdə tutulub. Bu da sahibkarlığın daha yaxşı inkişaf etməsi, onların hüquq və mənafelərinin daha etibarlı qorunması üçün çox vacib addımlardan biridir. Fərmanda bəzi cəza növlərinin dekriminallaşması ilə bağlı tapşırıq verilib. Cəzanın humanistləşdirilməsi ilə bağlı cənab prezidentin bir sıra fərman və sərəncamları olub. Bu da onun məntiqi nəticəsinin davamıdır. Ümumiyyətlə, cəza siyasətinin humanistləşdirilməsi vətəndaşımıza olan diqqətdir. Fərmanda xüsusi əhəmiyyət kəsb edən məsələ hakimlərin və məhkəmə aparatı işçilərinin sosial təminatının yaxşılaşdırılması məsələsidə qoyulub. Bu da məhkəmələrdə sui-istifadə hallarının aradan qaldırılması üçün əsas amillərdən biridir. Məhkəmələrin fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması, bunun üçün məsuliyyətin artırılması da həmin fərmanda öz əksini tapıb. Yaxın zamanlarda bütün sadaladığım bu məsələlərlə bağlı yeni qanun layihələri ortaya çıxacaq. Milli Məclisdə onlar müzakirə olunacaq. Hakimlərin iş yükünün azaldılması, işlərə baxılma prosedurunun səmərəsinin artırılması məqsədilə 200 hakim ştatının artırılması da nəzərdə tutulub. Bu da təbii ki, hakimlərin iş yükünün azaldılmasına xidmət edəcək. Daha keyfiyyətli, səmərəli, qanunauyğun qərarların qəbul olunmasına xidmət edən addım olacaq.



Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almısınız. Tələbə yoldaşlarınızla əlaqə saxlayırsınızmı? Onlardan vəzifədə olanlar varmı?

- Bəli, tələbə yoldaşlarımdan vəzifədə olanlar var. Vəzifə tutub-tutmamasından asılı olmayaraq, dostluq etdiyim insanlarla əlaqə saxlayıram. Digər dostlarımla yanaşı onlara da eyni münasibəti bəsləyirəm. Prokurorluq, daxili işlər, ədliyyə və s. sahədə çalışırlar. Təbii ki, çoxu hüquq-mühafizə orqanlarında çalışır, hüquq fakültəsində təhsil almışıq. Aralarında hakim olanlar var. Mütəmadi olaraq əlaqə saxlayırıq, müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparırıq. Qanunvericilik fəaliyyətilə məşğul olduğum üçün müəyyən vəzifə sahibləri ilə əlaqə saxlayıram, məsləhətləşirik, məlumat alırıq, müəyyən təcrübəni maraqlanırıq. Bunlar normal bir işdir. Müəyyən sahə ilə bağlı suallarım varsa, həmin sahədə çalışan dostlarla əlaqə saxlayıram.

Kitab oxumağa, idmanla məşğul olmağa üstünlük verirsizmi?

- Həm mütaliə edirəm, həm də idmanla məşğul oluram. Son zamanlar daha çox hüquq ədəbiyyatına aid olan kitabları oxuyuram. Futbolla daha çox maraqlanıram. Milli Məclisin futbol komandasının üzvüyəm. Türkiyədə yarışda da iştirak etmişəm.

Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: Deputat   Kamran-Bayramov   Müsahibə