Ombudsman Avropa Şurasının rəsmiləri ilə görüşüb

Ombudsman Avropa Şurasının rəsmiləri ilə görüşüb
  08 May 2019    Oxunub:1545
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Avropa Şurası Katibliyinin Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müvəkkil bildirib ki, 2001-ci ildə Avropa Şurasına (AŞ) üzv qəbul edilməklə Azərbaycan üzərinə bir sıra öhdəliklər götürüb. Bu öhdəliklərin icrası yalnız AŞ ilə əməkdaşlıq naminə deyil, eyni zamanda, dövlətimizin maraqları, onun demokratikləşdirilməsi, insan hüquqlarının daha etibarlı təmin edilməsi, ölkədə Avropa dəyərlərinin tam şəkildə bərqərar edilməsi üçün həyata keçirilir. O, sözügedən qurum qarşısında götürülən öhdəliklərdən biri kimi ölkədə ilk Ombudsman təsisatının yaradılması, çoxşaxəli fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri haqqında geniş məlumat verib.

E.Süleymanova Ombudsman təsisatının digər beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin qurumları, Avropa İttifaqı, ATƏT ilə əməkdaşlığı barədə danışıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamın insan hüquqlarının səmərəli təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ olduğu bildirilib. Habelə Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, eyni zamanda, qəbul olunmuş “Mediasiya haqqında” Qanun barədə məlumat verilib.

Ombudsman insan hüquqları sahəsində parlamentlə, digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlığı, müvəkkil yanında yaradılmış Ekspertlər Şurasının mütəmadi fəaliyyəti, burada vətəndaş cəmiyyəti tərəfindən verilən tövsiyələrin nəzərə alınması, habelə insan hüquqlarının daha etibarlı müdafiəsi istiqamətində ombudsman tərəfindən irəli sürülən yüzlərlə təklifin verilməsi və icrası barədə ətraflı məlumat verib.

Görüşdə ölkədə insan hüquqlarının ümumi vəziyyəti, vətəndaş cəmiyyətlərinin inkişafı, Avropa Şurası ilə gələcək əməkdaşlıq istiqamətləri və digər maraq doğuran məsələlər də müzakirə olunub.

Aleksandr Qessel Avropa Şurasının bu cür uğurlu fəaliyyət göstərən təsisatla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Azvision.az



Teqlər: Ombudsman  





Xəbər lenti