Baytarlıq Xidməti fermerlərə müraciət etdi

  08 May 2019    Oxunub : 566
Baytarlıq Xidməti fermerlərə müraciət etdi
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) heyvandarlıqla məşğul olan sahibkarların diqqətinə çatdırır ki, heyvanların otlaq şəraitinə çıxarılması ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan fransaiellozu törədən gənələrin aktivləşməsi başlayır.
DBX-dən Azvision.az -a verilən məlumata görə, heyvandarlıqla məşğul olan fermerlər və sahibkarlar fransaielloz xəstəliyinin qarşısını almaq üçün aşağıda qeyd olunan məsləhətlərə əməl etməlidirlər. Qaramalın fransaiellozu “Franceailla colchica” paraziti tərəfindən törədilən yüksək hərarətli, iti gedişli, çox tələfat verən və mövsümi xarakterli invazion xəstəlikdir. Fransaielloz Azərbaycanın aran zonalarında, xüsusilə, Kür-Araz ovalığında, Böyük Qafqaz və Kiçik Qafqazın dağətəyi ərazilərində, Talış dağlarının dəniz səviyyəsindən təxminən 1000 m-dən yüksək olmayan yerlərində “B.calcaratus” gənəsinin yayıldığı bütün zonalarda müşahidə edilir. Fransaielloza qaramal və zebular tutulur. Camışların da bu xəstəliyə həssaslığı qeydə alınIB.

Fransaielloz aran rayonlarında mart ayından başlayaraq getdikcə şiddətlənir və may ayında yüksək səviyyəyə çatır. İyunda nisbətən azalır, iyulda yenidən artır və avqustun axırına qədər şiddətlə davam edir. Bundan sonra tədricən azalır, payızda isə xəstəliyə nadir hallarda təsadüf olunur. Dağətəyi rayonlarda isə bu xəstəlik yaz, yay və payız aylarında müşahidə edilir. Xəstəliyin törədicisi təbiətdə uzun müddət yaşaya bilir.

Fransaielloz zamanı heyvanın hərarəti 41-42°C-dək yüksəlir və 3 gündən 12 günə qədər bu vəziyyətdə qalır. Xəstəliyin ilk günündən heyvan iştahasını itirir, naxırdan geri qalır, yatır, az müddətdə zəifləyir və arıqlayır. Yoluxmuş heyvanlar tez yorulur, südü azalır. Bəzi hallarda südün rəngi və dadı dəyişmiş olur.

Mədə-bağırsaq sistemində əvvəlcə qəbizlik, sonra isə qanlı ishal baş verir. Xəstəliyin 3-4-cü günləri sidikdə qan müşahidə edilir, selikli qişalar sarı rəngə boyanır. Qanda eritrositlərin miqdarı kəskin surətdə azalır və nəticədə anemiya baş verir. Xəstəlik kəskinləşdikcə sidik qan rəngində olur, sarılıq artır, ürək döyüntüsü şiddətlənir və nəbz vurğusu çoxalır. Xəstə heyvan ayaq üstə dayana bilmir, inilti ilə nəfəs alır, qulaqları sallanır. Heyvanın vəziyyəti ağırlaşdıqda hərarəti normadan 1-2°C aşağı düşür, gözləri çökür. Müalicə edilmədikdə xəstəlik kəskinləşir və heyvan 5-6 gün müddətində tələf olur.

Xəstəliyin baş verməməsi üçün ilk növbədə gənələri məhv etmək lazımdır. Profilaktika məqsədilə həssas heyvanlar hər 6-7 gündən bir akarisid əleyhinə (baytar həkiminin təyinatı ilə) preparatlarla işlənməli və heyvan saxlanılan binalar dezinseksiya edilməlidir. Otlaq və düşərgələrin lazımsız kol-kosdan təmizlənməsi də gənələrin yayılmasına mane olur.

Kimyəvi profilaktika məqsədilə heyvana müalicə dozasında 10-14 gündən bir dəri altına parazitotrop dərman preparatı (baytar həkiminin təyinatı ilə) vurulur. Heyvanlar ilin isti fəsillərində akarisid preparatlarla xüsusi vannalarda və çiləyici duş qurğularında çimizdirilir, heyvanların gəzinti sahələrinin dezinseksiya edilməsi gənələrin xeyli azalmasına səbəb olur. Heyvan saxlanılan binalar həftədə bir dəfə gənələrə qarşı dezinseksiya edilməlidir. Gənələrlə mübarizə məqsədilə aqromeliorativ tədbirlər və növbəli otarma sahələri mühüm rol oynayır. Heyvanda qan-parazitar xəstəliyi baş verən zaman diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriya tərəfindən təsdiqlənməlidir. Heyvanlarda fransaiellozun müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.

Xatırladaq ki, son illər sahibkarlar tərəfindən baytar həkiminə müraciət etmədən fransaielloza qarşı aparılan tədbirlər nəticəsində heyvanlar arasında kütləvi zəhərlənmə və ölüm halları baş vermişdir. Bunları nəzərə alaraq təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha diqqətinə çatdırırıq ki, heyvanlarda yuxarıda adı çəkilən xəstəliyin əlamətləri müşahidə edilərsə, dərhal ərazinin sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər. Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda qan-parazitar xəstəliklərinə, o cümlədən fransaielloza qarşı aparılan müalicə və profilaktik işləri baytar həkiminin məsləhəti və iştirakı ilə aparılmalıdır. Əks təqdirdə baş verə biləcək fəsadlara görə heyvan sahibi məsuliyyət daşıyır.

Azvision.az

Teqlər: KTN   Baytarlıq