Ramil Usubov sıra baxışı keçirib

  08 May 2019    Oxunub : 561
Ramil Usubov sıra baxışı keçirib
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov DİN-in Daxili Qoşunlarının Quba və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində ölkənin Şimal, Aran və Cənub zonalarının ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışları keçirib.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aidiyyatı baş idarə və şəhər, rayon polis şöbələri rəislərinin də iştirak etdikləri sıra baxışlarında həmin bölgələrdə yaşayan, Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən ümumilikdə 393 nəfər iştirak edib.

Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 200 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlində xalq-iqtidar birliyinin, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin, ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılmış müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb.

Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, göstərilən etimadı doğrultmalarını, öz üzərilərində səylə çalışmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.

DİN vətəndaşların nəzərinə bir daha çatdırır ki, polis orqanlarında vakant olan Post-Patrul Xidməti vəzifələrində xidmətə qəbulla bağlı növbəti belə tədbir mayın 13-də DİN-in Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsində keçiriləcək.

Azvision.az

Teqlər: DİN