Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTOLAR

  10 May 2019    Oxunub : 1910
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTOLAR
Bu gün Heydər Əliyev Fondunun yaranmasından 15 il ötür.
Azvision.az -ın məlumatına görə, Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.



2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır.



Fondun məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirməkdir.



Bundan başqa Heydər Əliyev Fondu yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərir, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək edir, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir eyni zamanda Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərməklə yanaşı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır.



Xüsusəndə Heydər Əliyev Fondu respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq edir və elmi tədqiqatların aparılmasına yardım göstərir. Həmçinin xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir.



Uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək də Fondun məqsədlərinə daxildir.



Heydər Əliyev Fondu da dövlətimiz tərəfindən bu sahədə görülən işlərə hər zaman öz dəstəyini verir. Fond tərəfindən həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları Ümummilli Liderimizin bu sahə ilə bağlı ideyalarının reallaşması istiqamətində atılan addımlara mühüm töhfələrdir. Fondun təşəbbüsü ilə Bakıda müasir Talassemiya Mərkəzi tikilib.



Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixo-nevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Heydər Əliyev Fondunun bu sahədə reallaşdırdığı layihələr Azərbaycanın bütün regionları ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da uğurla həyata keçirilib. Cibutidə, Bosniya-Herseqovinada, Rusiyada, Gürcüstanda icra edilən layihələr bütün dünyaya Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın simasında Azərbaycan xalqının insanpərvərliyini, nəcibliyini nümayiş etdirir.



Fond həyata keçirdiyi layihələrlə daim Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak edir. Bu xüsusda tarixi-mədəni abidələrimizin qorunması və bərpası, yeni mədəniyyət obyektlərinin istifadəyə verilməsini qeyd etmək lazımdır. Ötən 15 ildə Gəncədə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Gəncə qapılarının, “Qu quşları” fəvvarə kompleksinin bərpası, Müasir İncəsənət, “Tullantıdan sənətə”, “XX-XXI əsr Azərbaycan rəngkarlığı”, Azərbaycan Xalça, Daş salnamə, Dəmirçi Arxeologiya və muzeylərin açılması, yeni-yeni mədəniyyət saraylarının, muğam mərkəzlərinin, musiqi məktəblərinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun bu sahədə gördüyü irimiqyaslı işlərin tərkib hissəsidir.



Həmçinin Fondun təşkilatçılığı ilə keçirilən və ənənə halını alan müxtəlif musiqi layihələrini, o cümlədən Qəbələ, Aşıq, “Muğam aləmi”, Mstislav Rostropoviç, Üzeyir Hacıbəyli beynəlxalq festivallarını, muğam televiziya müsabiqələrini, çoxlu sayda konsertləri xüsusi qeyd etmək lazımdır. 2011-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Azərbaycan 2012-ci ildə Heydər Əliyev Fondunun yüksək tərəfdaşlığı ilə bu müsabiqəyə uğurla ev sahibliyi etdi. Ümumiyyətlə, Heydər Əliyev Fonunun reallaşdırdığı hər bir layihə yüksək təşkilatçılığı, kütləviliyi, zəngin mədəniyyətimizə istinad olunması ilə seçilməklə maariflənməni, sülhü, bəşəri dəyərlərə hörməti təbliğ edir.



Ötən il Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunan Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı da özündə məhz bu dəyərləri ehtiva edirdi. Fond tərəfindən təşkil edilən çoxsaylı mədəni layihələr, keçirilən tədbirlər, o cümlədən simpoziumlar, sərgilər, konsertlər, tamaşalar cəmiyyətimiz tərəfindən böyük rəğbətlə, məhəbbətlə qarşılanır və böyük auditoriya toplayır. Məhz bu görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanı həm də mədəniyyətimizin hamisi kimi qəbul edir.



Azərbaycanın bənzərsiz mədəniyyətinin dünyada təbliği missiyasını da Heydər Əliyev Fondu müvəffəqiyyətlə icra edir. Fondun təşkilatçılığı ilə mötəbər beynəlxalq qurumlarda, dünyanın möhtəşəm şəhərində ölkəmizlə bağlı sərgilər, mədəniyyət gecələri və digər tədbirlər keçirilir. Misal olaraq, Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda dünyanın bir sıra digər ölkələrində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini, Qərbin mədəniyyət beşiyi hesab olunan Fransanın paytaxtında Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılmasını göstərmək olar. Londonda, Parisdə, Berlində təşkil olunan “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgiləri, həmçinin dünyanın müxtəlif şəhərlərində təşkil olunan “Azərbaycan – tolerantlıq məkanı” adlı foto-sərgilər, Venesiya Biennalesində təşkil olunan Azərbaycan pavilyonlarındakı sərgilər Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətindəki xüsusi əhəmiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyətin də ölkəmizə olan marağının daha da artmasına xidmət edib.



UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri adlarına layiq görülən birinci xanım Mehriban Əliyeva müxtəlif sahələrdəki xidmətlərinə görə Polşanın “Böyük Komandor Xaçı”, Fransanın “Şərəf Legionu”, Serbiyanın “Sreten”, Macarıstanın “Komandor Xaçı” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı və digər çoxsaylı mükafatlarla təltif olunub. Bütün bunlar Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyadakı nüfuzunun, fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.



"Azvision.az" saytının əməkdaşları Heydər Əliyev Fondunun 15 illik yubileyi münasibətilə başda xanım Mehriban Əliyeva olmaqla Fondun bütün kollektivini təbrik edir, onlara möhkəm cansağlığı və bu nəcib fəaliyyətlərində uğurlar arzulayır!





Azvision.az

Teqlər: Mehriban-Əliyeva   Heydər-Əliyev-Fondu