“Heydər Əliyev bağışlamağı bacaran şəxsiyyət idi” - Ziyafət Əsgərov

  11 May 2019    Oxunub : 827
“Heydər Əliyev bağışlamağı bacaran şəxsiyyət idi” - Ziyafət Əsgərov
Ümummilli lider Heydər Əliyevin dövlət başçısı imicini şərtləndirən ən başlıca amillərdən biri də bağışlamağı bacaran, böyük qəlbə malik, humanist və nəcib şəxsiyyət olması idi. Ulu öndər respublika rəhbərliyinə qayıtdıqdan çox az sonra əfvetmə institutunu bərpa etməklə, vətəndaşların dövlətə, onun rəhbərinə güvənini, ümid və etimadını artırdı.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

MM sədrinin birinci müavini qeyd edib ki, 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirdi.

"Bu məqsədlə eyni zamanda məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tədbiqini, habelə ədalət mühakiməsinin səmərəliliyini təmin etdi. Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı. Hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı. İlk növbədə, penitensiar müəssisələrin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi işi başa çatdırıldı. Bu addımın atılmasında məqsəd məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini daha da humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək idi".

Z.Əsgərov vurğulayıb ki, Azərbaycanda köklü məhkəmə-hüquq islahatlarının aparılmasının zəruriliyini nəzərə alan ümummilli liderin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında” yeni qanun qəbul olundu və məhkəmə islahatlarına dair proqram xarakterli fərman imzalandı.

"Ümummilli liderin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı. Heydər Əliyevin xarici ölkələrə səfərləri, beynəlxalq təşkilatlardakı çıxışları, yaxud ölkəmizə gələn dövlət rəhbərləri, rəsmi şəxslərlə görüşləri müstəqil Azərbaycan dövlətçiliyinin ən yaxşı təqdimatı idi. Ulu öndər Azərbaycan həqiqətlərini, ölkəmizin Ermənistan tərəfindən işğala məruz qaldığını, bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri ilə üzləşdiyi, lakin bunlara baxmayaraq, demokratik prinsiplərə və hüquqi dövlət quruculuğuna sadiq qaldığını, bölgəmizdə və dünyada sülhə və təhlükəsizliyə töhfə verdiyini dəfələrlə şərh etməkdən yorulmurdu".

Azvision.az

Teqlər: Ziyafət-Əsgərov