“Elə bir sahə yoxdur ki, orada islahatlar aparılmasın” - Vitse-spiker

“Elə bir sahə yoxdur ki, orada islahatlar aparılmasın” -  Vitse-spiker
  11 May 2019    Oxunub:2516
Heydər Əliyevin strategiyasını uğurla reallaşdıran ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev 2003-cü ilin oktyabrından xarakterindəki qətiyyəti və xarizması, praqmatik və müdrik siyasəti ilə ölkəni irəli aparır. Ötən on altı il ərzində elə bir sahə olmayıb ki, orada islahatlar aparılmasın və davamlı inkişaf müşahidə edilməsin.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

MM sədrinin birinci müavini bildirib ki, bu gün iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə Azərbaycan Davos Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında ön sıralarda yer alır və islahatçı dövlət kimi tanınır.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ötən illər ərzində məqsədyönlü, davamlı tədbirlər həyata keçirilib. Beynəlxalq reytinqlərə görə, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur. Bu gün Azərbaycan Ordusu regionun güclü müasir silahlı qüvvəsidir və işğal olunmuş torpaqlarımızı hər an azad etməyə hazırdır. Azərbaycanın hərbi gücünü və qüdrətini Silahlı Qüvvələrimizin 100 illiyi münasibətilə 2018-ci ilin iyun ayında keçirilən hərbi parad əyani formada nümayiş etdirdi. Praqmatik liderlik keyfiyyətlərinə malik dövlət başçısı cənab İlham Əliyev ölkəmizi müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə bəyanatlarla ifadə etməyib, qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün konkret icra mexanizmləri müəyyənləşdirib. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və "Milli İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” kimi konseptual əhəmiyyətli sənədlər qəbul edilib. Bütün bunlarla yanaşı, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənən dövlət siyasətinin uğurla davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də ölkənin valyuta ehtiyatlarının artımına əlverişli şərait yaradıb".

Z.Əsgərov vurğulayıb ki, Azərbaycanda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatlar da Prezident İlham Əliyev tərəfindən uğurla aparılır.

"Dövlət başçısının insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə imzaladığı çoxsaylı fərman və sərəncamların, verdiyi tapşırıqların icrası üzrə görülmüş tədbirlərin sayəsində Azərbaycan hüquq sistemi öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikası 2006-cı ilin may ayında BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib. Bu, Azərbaycan dövlətinin insan hüquq və azadlıqları sahəsində apardığı ardıcıl işin beynəlxalq əhəmiyyət kəsb etdiyini və imicinin artdığını göstərir. Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixdə imzaladığı sərəncamda Azərbaycanın müasir inkişaf dövrünün hüququ dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar - sosial-iqtisadi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-dövlət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini tələb edirdi. 2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi insan hüquqlarının qorunmasında əlavə imkanlar açan islahatları dəstəklədiyini bir daha təsdiqlədi. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan bu konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təzahürüdür".

Azvision.az


Teqlər: Ziyafət-əsgərov   Məqalə  





Xəbər lenti