DTX: “Azərbaycan dünyada təhlükəsizlik məkanı kimi tanınır”

      DTX:    “Azərbaycan dünyada təhlükəsizlik məkanı kimi tanınır”
  13 May 2019    Oxunub:2352
Bu gün müstəqil dövlətçiliyimizin qarantı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilən Azərbaycan hərtərəfli dinamik inkişafı ilə seçilir, dünyada sabitlik və təhlükəsizlik məkanı kimi tanınır.
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumatda bildirilib ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət, müvafiq dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının birgə səmərəli fəaliyyəti, eləcə də önəmli ictimai dəstək nəticəsində respublikamızda dönməz sabitlik və təhlükəsizlik mövcuddur. Bu baxımdan, həmçinin Azərbaycanın dünyada nüfuzunun artması və beynəlxalq təhlükəsizlik sisteminin fəal iştirakçısı olması nəticəsində ölkəmizə etibar edilir, böyük investisiya qoyulur, irimiqyaslı layihələr gerçəkləşdirilir.

Qeyd olunub ki, Azərbaycan yüksək təhlükəsizlik sisteminə malik dövlət kimi mötəbər beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malikdir.

"Bundan əvvəl ölkəmizdə keçirilən bütün irimiqyaslı beynəlxalq tədbirlərdə, o cümlədən nüfuzlu idman yarışlarında çoxsaylı xarici qonaqların iştirak etməsi, Azərbaycana böyük turist axınının olması, onların rahat şəraitdə ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olmaları üçün yaradılan hərtərəfli şərait və ən əsası bir daha ölkəmizə qayıtmaq istəkləri Azərbaycanda mövcud qonaqpərvərliyin və yüksək təhlükəsizliyin təminatının əyani göstəricisidir. Əlbəttə ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi və alternativi olmayan inkişaf və təhlükəsizlik siyasətinin parlaq nümunəsidir.

Azərbaycanda təhlükəsizliyin etibarlı təmin olunması üçün xarici dövlətlərin müvafiq strukturları ilə ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Hətta bu gün güclü təhlükəsizlik sisteminə malik ölkələrin tərəfdaş xüsusi xidmət orqanlarının təmsilçiləri də görüşlərdə etiraf edirlər ki, Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə həsəd aparmaq olar.

Çox qürurvericidir ki, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın nəinki regionun, ümumilikdə dünyanın təhlükəsizlik sisteminin formalaşmasında da böyük rolu var.

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı, preventiv tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur".

Azvision.az


Teqlər: DTX   Təhlükəsizlik  





Xəbər lenti