Nazirlikdən balıqçılara müraciət: “Sərt tədbirlər görüləcək”

   Nazirlikdən balıqçılara müraciət: “Sərt tədbirlər görüləcək”
  14 May 2019    Oxunub:2435
"2019-cu il üçün ETSN tərəfindən 7 hüquqi və 80 fiziki şəxsə sənaye məqsədləri ilə kvotalar ayrılaraq balıqovlama biletləri verilib".
Azvision.az xəbər verir ki, bunu Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov deyib. Onun sözlərinə görə, sənaye məqsədləri ilə balıqovlama biletinin alınması o demək deyil ki, bununla il boyu, hər yerdə və qadağan olunmuş vasitələrlə ov etmək olar.

"Birinci növbədə, ayrılmış kvotaya, yəni göstərilmiş balıq növü və müəyyən edilmiş çəki şərtlərinə əməl edilməlidir. İkincisi, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş yerlərdə ov edlməsi qaydalara ziddir. Bu da o deməkdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, su hövzələrindən asılı olaraq hər ilin aprel və may aylarının 1-dən balıqların çoxalma dövrü, yəni kürü tökmə dövrü olduğundan onların ovlanması sentyabr ayının 1-dək qadağan edilir".

M.Axundov qeyd edib ki, qanunsuz balıq ovlanması ölkədə balıq ehtiyatlarının sürətlə tükənməsinə, bəzi nadir növlərin nəslinin kəsilməsinə şərait yaradır. "Bütün balıqçılara müraciət edirik, qaydalardankənar ov edilməsinə son qoysunlar, balıq ehtiyatlarının kökünün kəsilməsinə səbəb olmasınlar. Bu qaydalara əməl etməyənlərə qarşı qanunvericiliyə uyğun sərt və ciddi tədbirlər görülür".

ETSN rəsmisi vurğulayıb ki, idman və həvəskar balıq ovu insanların şəxsi ehtiyacları, istirahəti üçündür və bu məqsədlə su hövzələrində sərbəst ov edilə bilərlər. Bunun üçün balıqovlama biletinin alınması tələb olunmur.

"Qanunvericiliyə əsasən, sənaye məqsədləri ilə balıq ovu ödənişlidir və balıqovlama biletlərinin alınması mütləqdir. Balıqovlama biletləri ETSN tərəfindən verilir və biletləri elektron qaydada almaq mümkündür. Balıqovlama bileti almış şəxslər hər ilin birinci yarısında (iyulun 10-na kimi) və ilin sonunda (növbəti ilin yanvar ayının 10-na kimi) ovladığı balıq və digər su bioresurslarının növü və çəkisi barədə nazirliyə yarımillik və illik hesabatları təqdim etməlidir".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Balıqovlama  





Xəbər lenti