“Azərbaycan artıq bir çox hədəflərə çatıb” - Baş nazirin müavini

“Azərbaycan artıq bir çox hədəflərə çatıb” -   Baş nazirin müavini
  15 May 2019    Oxunub:3235
"Azərbaycan dünyada sürətlə inkişaf edən, orta yüksək gəlir səviyyəsinə çatan ölkə kimi tanınır. Qısa müddətdə bu qədər inkişaf səviyyəsinə çatmaq Azərbaycanın böyük uğurdur"
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib. O, Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyindən irəli gələn məqsədlərə nail olunması istiqamətində aparılan işlərə biznes qurumlarının cəlb olunması, dövlət-özəl sektor əməkdaşlığında maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.

Baş nazirin müavini bildirib ki, Azərbaycanda təhsil, səhiyyə və digər sahələrdə, eləcə də, həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı böyük işlər görülüb.

"Dünyanın dəyişdirilməsi əlaqədar qarşıya qoyulan 17 hədəf içərisində Azərbaycan üçün birbaşa hədəf olmayan məsələlər var. Məsələn təhsil, səhiyyə və əhalinin rifah halının yüksəldilməsi ilə bağlı məsələlər bizim üçün birbaşa hədəf deyil. Azərbaycan artıq bu hədəflərə çatıb. Lakin insanların həyat rifahının yaxşılaşdırılması, inkişafın yüksək pilləsinə çatmaq üçün həmin hədəflər əhəmiyyət kəsb edir".

Ə.Əhmədov qeyd edib ki, özəl sektorun DİM-ə çatmaqda üzərinə böyük iş düşür: "Onların bu məqsədlərə çatmaqda öz töhfələrini verəcəklərinə əminəm. İnsanların işlə təmin edilməsi, layiqli əməyin təmin edilməsi baxımından özəl sektorun üzərinə böyük iş düşür. Özəl sektor son illər sürətlə inkişaf edir, özəl müəssisələr yaradılıb, kiçik və orta sahibkarlıq inkişaf edir. Azərbaycan höküməti güzəştli kreditlərlə, müxtəlif layihələr həyata keçirməklə özəl sektorun inkişafına dəstək verir. Onların ixrac potensialının inkişaf etdirilməsi üçün imkanlar axtarır'.

Baş nazirin müavini vurğulayıb ki, iqtisadiyyatın 80 faizdən çoxu özəl sahəyə aiddir.

"Büdcənin formalaşmasında, ÜDM-da özəl sektor əhəmiyyətli rol oynayır və yaxın gələcəkdə bu rolun artacağına əminik. Özəl sektorun şəffaf şəkildə fəaliyyət göstərməsi, işləyən insanların sosial müdafiəsinin daha yaxşı təmin edilməsini istərdik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Əli-Əhmədov  





Xəbər lenti