“Avropa tərəfi bəzi öhdəlikləri götürmək istəmir” - Deputatlardan münasibət
Azvision.az xəbər verir ki, bunu BBC News Azərbaycancaya millət vəkili Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla bağlı danışıq predmeti olan bəzi məsələlər kifayət qədər həssasdır.
Millət vəkili əlavə edib ki, hələlik sazişin imzalanmamasına görə itkilərdən danışmaq yersizdir: "Azərbaycan indiyə qədər Aİ ilə maraqlarına cavab verən bütün layihələri gerçəkləşdirib. Nəzərə alınsa ki, ölkənin əsas ixrac resursları neft-qazdır və onlarla bağlı Aİ-də və onun bazarlarında heç bir məhdudiyyət yoxdur, təkcə Cənub Qaz Dəhlizi layihəsinin həcmi tərəfdaşlıqda iştirak edən dövlətlərə üç ilə ayrılan vəsaitdən çoxdur, bu baxımdan Azərbaycan heç bir itkiyə məruz qalmayıb".
Millət vəkili Səməd Seyidov isə bildirib ki, assosiasiya sazişi bizim milli maraqlarımızın vacib olan məqamlarına uyğun olmadığına görə, biz bu məsələnin imzalanmasından imtina etmişik. Onun sözlərinə görə, Azərbaycanın seçdiyi yol həm Azərbaycan üçün, həm Avropa Birliyi üçün ən münasibdir.
S.Seyidov qeyd edib ki, Azərbaycan-Aİ arasında gözlənən sazişin tarixi o qədər də vacib və əhəmiyyətli bir məsələ deyil və bu, uzun danışıqlardan və hər cür ekspertizadan keçən prosesdir.
"Tələsgənliyə yol vermək heç də düzgün olmaz. Bu məsələni ciddi təhlil etmək lazımdır. Məqsəd birdir, bu saziş Azərbaycan Avropa münasibətlərini yeni bir mərhələyə yüksəldəcək".
Azvision.az