“Şagirdlərin intihar etməsinin bir neçə səbəbi var” - Nazir müavini

“Şagirdlərin intihar etməsinin bir neçə səbəbi var” -  Nazir müavini
  15 May 2019    Oxunub:2420
"Son vaxtlar şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var. Bəzən ailədaxili mühit, bəzən də uşaqların psixikasının pozulması intihara səbəb olur"
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Onun sözlərinə görə, uşaqların psixikası pozulduqda həkimlər dərhal işə qarışmalıdırlar.

"Bəzən görürsən ki, məktəbdə uşağa müəllimlər tərəfindən yaxşı münasibət olmur, o da intihara cəhd edir. Burada çox suallar ortaya çıxır, cəmiyyət bunların hamısını tənzimləməlidir. Təhsil Nazirliyi olaraq biz bu məsələlərə çox həssas yanaşırıq".

Nazir müavini bildirib ki, təhsilin əsas vəzifəsi təlimlə yanaşı, tərbiyəyə diqqət yetirməkdir: "Çünki bu, gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Ailədaxili mühit uşaqların tərbiyəsinə təsir göstərir. Hər bir müəllim də təkcə müəllim deyil, həm də tərbiyəçi olmalıdır".

F.Qurbanov qeyd edib ki, hazırda Azərbaycanda 1 milyon 600 mindən çox şagird təhsil alır.

"Onlara təxminən 150 min müəllim dərs keçir. Hər məktəbdə psixoloq var. Biz onların təlimləri ilə uşaqların tərbiyəsinə təsir göstərməyə çalışırıq".

Azvision.az


Teqlər: Müavin   Təhsil  





Xəbər lenti