“Avropa İttifaqı bizimlə hesablaşmağa məcburdur” - Sabiq diplomat

“Avropa İttifaqı bizimlə hesablaşmağa məcburdur” -  Sabiq diplomat
  15 May 2019    Oxunub:2043
“Avropa İttifaqı və aparıcı dövlətlər öz maraqlarına uyğun olanda hər hansı bir ölkədə, xüsusilə Şərq Tərəfdaşlığı ərazisində separatçılığa reaksiya verərək işğalçı dövləti tənqid edirlər”
Bunu AzVision.az -a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib. O, bildirib ki, Azərbaycan uzun illərdir separatçılıqdan, terrorizmdən və işğaldan əziyyət çəkir:

“Buna baxmayaraq, bizə maraqlı olan bu kimi məqamlar həmin sənədə salınmamışdı. Təbii ki, biz haqlı olaraq bu sənədin qəbul olunmasına etiraz etdik. Hesab edirəm ki, Azərbaycan düzgün və əsaslı şəkildə bunu etdi. Nəticədə heç bir sənəd imzalanmadı. Sadəcə Mogerinin ümumi ifadələrdən ibarət bəyanatı səsləndi”.

Politoloqun sözlərinə görə, Brüsseldə düşünürdülər ki, Azərbaycan yubiley konfransının sənədinə gözüyumulu imza atacaq: “Bunun belə olmayacağını Azərbaycan qəti şəkildə göstərdi. Həmin sənədi hazırlayanlar Ermənistana təzyiq göstərməlidir. Ermənistan işğalçı dövlətdir. Azərbaycanın torpaqları işğal altındadır və beynəlxalq normalar yerinə yetirilmir. Eyni zamanda bizim maraqlarımıza cavab verən maddələr sənədə daxil edilmədiyindən Azərbaycan tərəfinin qəbul etdiyi qərar doğrudur”.

F.Sadıqovun fikrincə, atılan addım göstərir ki, Aİ Ermənistanın nazı ilə oynayır: “Onlar istəmirlər ki, Ermənistanın maraqlarına zərbə endirilsin. Ancaq bu, o demək deyil ki, biz onlarla razılaşmalıyıq. Təbii oradakı qüvvələr Ermənistanı sığortalamaq istəyir. Ermənistanı bu zərbədən kənarda saxlamaq niyyətindədirlər. İşğalçı dövlətin adı hallanmasın deyə sənədə belə bir maddəni əlavə etməmişdilər. Ermənistanın nazı ilə bundan sonra da oynaya bilərlər. Amma unutmasınlar ki, işğal altındakı torpaqlar nə zamansa azad olunacaq və o zaman bizi günahlandırmasınlar ki, sülh və diplomatik yoldan istifadə etmirik”.

Politoloq əlavə edib ki, sözügedən sənədlə bağlı Azərbaycanın tutduğu mövqe müstəqilliyinin, maraqlarına uyğun olmayan məsələlərdə prinsipial addım ata bilməsinin təsdiqi və təzahürdür.

"Azərbaycan olduqca güclü oyunçudur. Azərbaycan Avropanı həm enerji, həm nəqliyyat layihələri ilə birləşdirən bir ölkədir. Faktiki olaraq Avropa İttifaqı bizimlə hesablaşmağa məcburdur. Bizimlə münasibətlərin yaxınlaşması onların maraqlarına cavab verməlidir. Bununla belə biz Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina etmirik və onlarla münasibətlərimizin inkişafında maraqlıyıq. Çünki bizim götürdüyümüz kurs prinsipialdır. Hesab edirəm ki, yaxın zamanlarda ikitərəfli saziş imzalanacaq”, - F.Sadıqov vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Avropa-İttifaqı   Politoloq   Fikrət-Sadıqov  





Xəbər lenti