Məktəblilərin intihar etməsinin səbəbləri - Komitə sədri açıqladı
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanlı məktəbli intiharlarından danışarkən deyib.
Deputat bildirib ki, ailə ilə məktəb arasında əlaqələr zəifdir. “Məktəbli birdən-birə intihara əl atmır. O, depressiyaya düşür, özünə qapanır. Ailədə və məktəbdə bunu görmürlər? Bu, uşağa olan diqqətsizlikdir. Hərdən uşaq özünə diqqət çəkmək istəyir və ani olaraq addım atır. Həmin an onu əzizləyən, nə baş verdiyini soruşan olsa, bu cür hallar baş verməz. Uşaq çıxış yolu tapmır və nəticədə intihara əl atır”.
A.Naxçıvanlı qeyd edib ki, hər bir valideyn uşağının kiminlə münasibətdə olduğunu bilməlidir.
“Məktəblərdə yaxşı psixoloqlar olmalıdır. 6-7 ay kursa getməklə psixoloq olmaz. Psixoloq tam təhsil almış, peşəkar insan olmalıdır. Birinci növbədə məktəbdə psixoloqların sayı çoxalmalı və onlar professional olmalıdırlar. Məktəblə valideynin əlaqəsi daha da möhkəm qurulmalı, bu işdə maarifələndirmə işləri aparılmalıdır”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Aqiyə-Naxçıvanlı Məktəb İntihar