Nyu-Yorkda “Azərbaycan günü” elan olundu

 Nyu-Yorkda “Azərbaycan günü” elan olundu
  28 May 2019    Oxunub:3001
ABŞ-ın Nyu-York şəhərinin böyük inzibati bölgüsü olan Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adams Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.
Bəyannamədə uzun illər boyu Azərbaycan-Amerika cəmiyyətinin mədəni, siyasi və sosial töhfələri qeyd olunur, Bruklinin böyük və güclü Azərbaycan icması ilə tanındığı vurğulanır.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd olunduğunu deyən E.Adams müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci il mayın 28-də parlamentli respublikanın yaradıldığını vurğulayır, kişilərlə qadınlara bərabər seçki hüququnun təmin edilməsini, eləcə də təhsil və sosial sahələrdə bərabərliyin tanınması münasibətilə AXC-nin təsisçilərini alqışladığını bildirir.

Həmçinin bəyannamədə Bakı ilə Bruklin arasında 2014-cü il noyabrın 18-də qardaşlaşmış şəhərlər müqaviləsinin imzalandığı xatırlanır. Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adams Azərbaycan vətəndaşlarının və ABŞ-dakı Azərbaycan icmasının üzvlərinin uzun müddət ərzində ölkəmizlə müxtəlif Amerika ştatları arasında münasibət qurmaqla respublikamız haqqında biliklərin artırılması və mədəniyyətimizin təbliği üçün əhəmiyyətli səylərin göstərilməsini təqdir edir.

Bütün bunlara görə E. Adams Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar 2019-cu il 28 may tarixini Bruklində Azərbaycan Günü elan edir.



Azvision.az



Teqlər: ABŞ   28May   Respublika-Günü  





Xəbər lenti