Gömrük Komitəsi blokçeyn texnologiyasının tətbiqinə başladı
Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, Azərbaycan gömrüyü informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verir. Bu məqsədlə innovativ layihələr hazırlayıb, həyata keçirir.
Bildirilib ki, TradeLens-ə qoşulmaqla Azərbaycan Respublikasının idxal və ixrac əməliyyatlarının səmərəliliyinin artırılması və təhlükəsizliyinin daha da yüksək səviyyədə təmin edilməsi gözlənilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi hazırda rəqəmsallaşdırma ilə əlaqədar səylərini artırmaq məqsədilə TradeLens-i qəbul etmək və ondan aktiv şəkildə istifadə etmək üçün bütün dünyada çoxsaylı dövlət orqanları ilə əməkdaşlıq etməyə başlayır.
Dövlət Gömrük Komitəsi ölkədə gömrük rəsmiləşdirməsi üzrə bütün aspektlərdə islahatlar aparır və müəyyən edilmiş hədəfə çatmaq üçün innovativ texnologiyalardan istifadə edir. Komitənin əsas məqsədlərindən biri gömrük rəsmiləşdirməsi prosesinin tamamilə avtomatlaşdırılmasıdır. TradeLens böyük bir təchizat zənciri platformasıdır və ticarət sektoru üzrə maraqlı tərəflər üçün etibarlı bir platformaya çevrilməkdədir.
TradeLens-dən istifadə etməklə Dövlət Gömrük Komitəsi TradeLens ekosistemi üzrə hərəkət edən daşımalardakı konteynerlərin tərkibi və prosesdə iştirak edən tərəflər haqqında daha erkən və daha ətraflı məlumat əldə edəcək. Bu isə ölkə daxilində və xaricində həyata keçirilən daşımalar üzrə risklərin daha səmərəli şəkildə qiymətləndirilməsinə, gömrük rəsmiləşdirməsi prosesinin daha sürətli icra edilməsinə, ticarətlə məşğul olanlar üçün yüksək xərc tələb edən öhdəliklərin yüngülləşdirilməsinə və region üzrə ümumilikdə ticarət prosesinin sadələşdirilməsinə imkan verir.
“Bütün dünyada gömrük orqanları malların bir nöqtədən digərinə normal qaydada daşınması prosesində mühüm rol oynayır” - deyə Maersk GTD-nin baş icraçı direktoru və TradeLens-in rəhbəri Mayk Vayt bildirmişdir. “Müasir dövrdə müvafiq qaydada məlumat axınının olmaması daşımaların yoxlanılması prosesi üçün önəmli risklər təşkil edir və bununla bağlı ciddi dəyişikliklər edilməsi olduqca zəruridir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ticarətin rəqəmsallaşdırılması üzrə səylərini daha da ciddi şəkildə artırır və biz bununla əlaqədar birlikdə çalışmağı önəmli hesab edirik.”
Qeyd edək ki, tərəflər arasında görüş çərçivəsində Dövlət Gömrük Komitəsinin TradeLens-ə qoşulması məqsədilə tərəflər arasında sənəd imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev, Maersk GTD şirkətinin baş icraçı direktoru və TradeLens-in rəhbəri Mayk Vayt imzalayıb.
TradeLens platforması Maersk və IBM tərəfindən birgə işlənib hazırlanmışdır. TradeLens blokçeyn texnologiyası ilə möhkəmləndirilmiş, beynəlxalq daşıma sektoru üzrə böyük şirkətlər tərəfindən dəstəklənən açıq və neytral sənaye platformasıdır. Platforma qlobal təchizat zəncirində daha uğurlu əməkdaşlıqlar qurulması və etibarın artırılması məqsədilə məlumatların səmərəli, şəffaf və təhlükəsiz mübadiləsini təmin edir.
Azvision.az