Həbsxanalarda vərəmdən ölüm 126 dəfə azalıb
Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamlarına əsasən penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunması, tibbi və dərman təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür, penitensiar müəssisələr müasir tibb avadanlığı ilə təchiz olunur.
Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə uzun illər məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində səmərəli əməkdaşlıq edilərək məhkumlar arasında vərəmə qarşı mübarizədə müsbət nəticələrə nail olunub, vərəmin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə imkan verən yeni ekspress-test dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə məhz Azərbaycanda tətbiq edilib. Eyni zamanda, vərəmli məhkumların effektiv müalicəsinin təmin edilməsi, onların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə ixtisaslaşdırılmış müalicə müəssisəsi fəaliyyət göstərir.
Bütün bunlar penitensiar müəssisələrdə vərəmdən ölümün və ona yoluxma hallarının sayının ilbəil azalmasına səbəb olub. BQXK ilə bu sahədə məqsədyönlü fəaliyyətin başlandığı 1995-ci illə müqayisədə penitensiar müəssisələrdə vərəmdən ölüm 126 dəfəyədək azalıb. Son beş illə müqayisədə isə 2018-ci ildə vərəm hallarının sayı 3 dəfəyədək, vərəmdən ölüm isə 3,3 dəfə az olub.
Ölkəmizdə ÜST-nin tövsiyə etdiyi vərəmin uğurlu müalicəsi üzrə hədəf göstəriciləri aşaraq dərmanlara həssas vərəmli məhkumların müalicəsi üzrə 92 faiz, müalicəyə çətin tabe olan dərmanlara davamlı formalı vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə isə 78 faiz müsbət nəticələrə nail olunub ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.
Bu sahədə Azərbaycanın uğurları ÜST, Qlobal Fond, BQXK, BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan İslah Müəssisələri və Həbsxanalar Beynəlxalq Assosiasiyası (ICPA), “Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq” və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək region ölkələri üçün nümunəvi təcrübə kimi göstərilib, ICPA-nın illik Səhiyyə Mükafatına layiq görülüb.
Bununla yanaşı, ölkəmizin penitensiar müəssisələrində vərəmlə mübarizə üzrə müsbət təcrübə ÜST tərəfindən örnək kimi dəyərləndirilərək, digər region dövlətlərinin bu təcrübədən bəhrələnməsi tövsiyə edilib. Bu məqsədlə 2012-ci ildən İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində fəaliyyət göstərən Təlim Mərkəzi tərəfindən xarici dövlətlərin nümayəndə heyətləri üçün mütəmadi beynəlxalq treninqlər və tanışlıq səfərləri təşkil edilir.
2014-cü ildə ÜST Avropa Regional Bürosu tərəfindən "Həbsxanalarda vərəmə nəzarət və profilaktika üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi" beynəlxalq statusu verilmiş Təlim Mərkəzində 2015-2018-ci illər dövründə Qərbi Avropa, Asiya, Afrika, Mərkəzi Amerika və MDB dövlətlərinin Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərini, penitensiar müəssisələrin tibb xidmətlərini, qeyri-hökumət və beynəlxalq təşkilatları təmsil edən nümayəndə heyətləri üçün 7 beynəlxalq treninq keçirilib, Azərbaycanın təcrübəsini öyrənmək üçün nüfuzlu beynəlxalq təşkilatlar olan Avropa Şurası, ÜST və BQXK-nın xətti ilə 10 tanışlıq səfəri təşkil olunub. Ümumilikdə isə son illər 20 dövlətdən 230-dək nümayəndə Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələnib və müxtəlif mövzularda təlimlərdə iştirak ediblər. Artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılıb.
Qeyd olunmalıdır ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus ötən il Azərbaycanda səfərdə olarkən Beynəlxalq Təlim Mərkəzinin fəaliyyəti, müasir şəraiti, həmçinin video-konfrans vasitəsilə distant treninqin təşkili ilə tanış olaraq respublikamızın vərəmlə mübarizədə müsbət nəticələrə nail olunmasında dövlətimizin güclü siyasi iradəsini, bu sahədə Azərbaycanın tətbiq etdiyi standartların ən yaxşı təcrübə təşkil etdiyini və müsbət təcrübəmizin dünyada daha geniş yayılmasının önəmini vurğulayıb. Təlim Mərkəzinin vərəmlə mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılmasında və öyrənilməsində səmərəli fəaliyyəti nəzərə alınaraq beynəlxalq statusu növbəti dörd il müddətinə uzadılıb.
Bu sahədə Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə cari il iyunun 16-dan 22-dək 7 ölkədən (Çin, İraq, Banqladeş, Filippin, Ukrayna, Belarus və Türkmənistan) səhiyyə, penitensiar xidmət və beynəlxalq təşkilatların vərəmlə mübarizə sahəsində işləyən 30 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər zamanı nümayəndə heyəti üçün Beynəlxalq Təlim Mərkəzində “Yeni vərəm əleyhinə dərmanların və müalicə rejimlərinin tətbiqi dövründə Çoxsaylı/Geniş Dərmanlara Davamlı Vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda ingilis və rus dillərində beynəlxalq tədris kursu keçirilir.
ÜST, BQXK, "Sərhədsiz həkimlər, "Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq" və s. ixtisaslaşmış beynəlxalq təşkilatlarla birgə müasir tələblərə uyğun hazırlanmış kursun proqramına müvafiq olaraq mühazirəçilər qismində Ədliyyə Nazirliyi Tibb baş idarəsinin və İxtisaslaşdırılmış müalicə müəssisəsinin aparıcı mütəxəssisləri ilə yanaşı, Avropanın ən tanınmış beynəlxalq ekspertləri də cəlb olunub.
Kurs dövründə dinləyicilər penitensiar müəssisələrdə vərəmə nəzarət üzrə görülən işlərlə əyani tanış olacaq, onlara həbsxana populyasiyası arasında vərəmin aşkarlanması, innovativ texnologiyaların tətbiqi ilə laborator diaqnostika, infeksiyaya nəzarət tədbirlərinə və saxlanma rejimi qaydalarına riayət edilməklə mərkəzləşdirilmiş model əsasında müalicə üzrə bir sıra tədbirlər praktiki nümayiş etdiriləcək.
Eyni zamanda, dinləyicilərə, eləcə də mühazirəçilər qismində dəvət olunmuş beynəlxalq ekspertlərə dərmanlara həssaslıq göstəricilərinə müvafiq olaraq müalicə rejimlərinin təyini, beynəlxalq yanaşmalara və standartlara müvafiq innovativ laborator diaqnostika metodlarının geniş tətbiqi, məhbusların saxlanma rejiminin gözlənilməsi şərti ilə infeksiyaya nəzarət tədbirlərinə riayət olunması, azadlığa buraxılan xəstələrin müalicəsinin sonadək izlənilməsi və onlara sosial dəstək kimi Azərbaycanın unikal təcrübəsi təqdim olunacaq.
Səfər çərçivəsində nümayəndə heyətinin, həmçinin Bakının tarixi və mədəni abidələri ilə tanışlığı nəzərdə tutulur.
Azvision.az
Teqlər: Ədliyyə-Nazirliyi Məhkum Vərəm Penitensiar-Xidmət