Bir dini icma üçün 50 təsisçi tələb olunur

  21 İyun 2019    Oxunub : 935
 Bir dini icma üçün 50 təsisçi tələb olunur
2018-ci ildə 1652 adda dini ədəbiyyatın idxalına icazə verilib, 52 adda dini ədəbiyyatın isə idxalına icazə verilməyib.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O bildirib ki, 2017-ci ildə 1477 adda dini ədəbiyyatın idxalına icazə verilibsə, 63 adda dini ədəbiyyatın isə idxalına icazə verilməyib.



G.İsmayılov qeyd edib ki, 2017-2018-ci ildə Dövlət Komitəsi tərəfindən nəşr edilən ədəbiyyatların sayı 139 olub.

"İllər üzrə ölkədə çap olunan dini ədəbiyyatların sayı azalıb. Çünki bu funksiyanı komitə, onun tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu öz üzərinə götürüb. Ölkədən kənarda tərcümə əsasında nəşr olunan dini ədəbiyyatları Fondun sifarişi ilə və ya maliyyə ilə çap olunan kitabların hesabına ödəyirik. Ölkədə kitab oxuyanlar azdır, televiziya baxanların sayı isə çox deyil, amma sosial şəbəkələrdən istifadə edənlərin sayı günbəgün artır. Maarifçilik məqsədilə gələcəkdə üstünlük verəcəyimiz istiqamətlərdən biri sosial şəbəkələr olmalıdır. Sosial şəbəkələr istiqamətində xeyli işimiz və nəticələrimiz də var".

Komitə sədrinin müavini qeyd edib ki, 2018-2019-cu ildə respublikada 940 dini qurum dövlət qeydiyyatından keçib. "2017-ci ildə bu rəqəm 760, 2011-ci ildə 544, 2009-ci ildə 534, 2006-ci ildə 374 olub. Bir dini icmanın qeydiyyatdan keçməsi üçün 50 təsisçinin olması lazımdır".

Aytən Zəhra
Azvision.az
.

Teqlər: Gündüz-İsmayılov   Komitə