“Xeyriyyə marafonu”, yoxsa dilənçilik?

“Xeyriyyə marafonu”, yoxsa dilənçilik?
  28 İyun 2019    Oxunub:5009
Sosial şəbəkə “fenomeni” Əli Kərimli ətrafındakı “mirzələr” vasitəsilə yeni mənimsəmə kampaniyasına başlayıb. Adı "xeyriyyə marafonu" qoyulan kampaniya vasitəsilə əldə olunan pullar guya kasıb müxalifətçilərin cərimələrinin ödənilməsinə sərf olunacaq. Lazım olan məbləğ isə 11 min manat göstərilir.
Əslində belə kampaniyanın şəffaflığı şübhə doğurduğu kimi, gerçək məqsədi də qaranlıq qalır. Tutaq ki, cərimələrin verilməsi üçün həqiqətən pul lazımdırsa, bunu belə hay-küylə aləmə car çəkməyə nə ehtiyac var?!

Əli Kərimlinin və ətrafındakı "funksionerlər"in Qərbdən yaxşı qrantlar aldığı heç kimə sirr deyil. Həmin qrantların hesabına AXCP sədrinin oğlu Londonda dəbdəbəli həyat yaşayır, gündə eyş-işrət məclislərində peyda olur, bahalı içkilərə minlərlə avro xərcləyir və daha nələr nələr. Digərləri də ondan geri qalmırlar. Rəsmi olaraq heç bir işi, gəliri olmayan Kərimli və "mirzələri"nin bahalı maşınları, saxladıqları sürücülər, cangüdənlər, lüks yaşam tərzi (hələ villalar, torpaqlar, obyektləri demirəm) - bunlar əcaba nəyin hesabınadır?

Suallar şablon səslənsə də, Kərimli gəlir mənbələrini gizlətməyə çalışır və özünü xalqın gözündə yazıq, bədbəxt obrazında göstərir. AXCP-nin şinelindən çıxanlar yaxşı bilirlər ki, Qərbdən axan bu pullar Azərbaycan əleyhinə kampaniyalar üçün nəzərdə tutulur və həmin vəsaitlərin məbləği kifayət qədər böyükdür.

Gələk əsas məsələyə: bu cür imkanlara sahib olan narazılar vay-şüvənlik qoparmadan 11 min manatı öz aralarında yığa bilməzdilərmi? "Xeyriyyə marafonu" kimə lazım idi, yaxud başqa vaxt qrant aldıqları qapılara niyə üz tutmadılar?

Şübhə yox ki, bu suallar digərləri kimi cavabsız qalacaq. Cənab Kərimlinin həqiqətləri etiraf edəcəyini gözləmək sadəlövlük olar. Bəs əslində nə baş verir? Bunların məqsədi nədir?

Fırıldağın miqyasına diqqət edin! Deməli, əvvəlcə insanları əyri yola təhrik edərək onları icazəsiz aksiyaya çıxarırlar. Həmin adamlar asayişi pozduqlarına görə qanun qarşısında cəzalandırılır, ən yaxşı halda cərimələnərək sərbəst buraxılır. Sonra sosial şəbəkədə dırnaqarası kampaniya başladıb mərhəmətli insanlara əl açmağa başlayırlar. Adını da qoyurlar "xeyriyyə marafonu". Nəticədə həm gündəmdə qalırlar, həm də yaxşı pul qoparırlar.

Bəs, öz övladlarının bahalı həyat yaşamasına 100 minlər xərcləyən Kərimlinin 11 min manatı yoxdur ki, onun toruna düşən cəbhəçilərin cərimələrini ödəsin? Əlbəttə, var. Amma istəmir. Tutaq ki, həmin 11 min manatı səssiz-sədasız ödədilər, heç kimə demədilər. O zaman nə qazanacaqlar? Təbii ki, heç nə. Ara yerdə qrant pulları gedəcək. Belə məqamda ən hiyləgər variant sadə insanlara üz tutub, onlardan pul istəməkdir. Bunun isə bir adı var - siyasi dilənçilik.

Görünür, AXCP sədri köhnə vərdişindən əl çəkmək niyyətində deyil. Onun üçün təki pul olsun.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Əli-Kərimli   Dilənçilik  





Xəbər lenti