“Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlar” - Çingiz Əsgərov

  27 İyun 2019    Oxunub : 928
 “Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlar” - Çingiz Əsgərov
AŞPA-nın yay sessiyası çərçivəsində təşkil olunmuş “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” adlı tədbirin əsas məqsədi Avropa Şurasında Azərbaycanda həyata keçirilən mühüm islahatlar haqqında məlumat vermək idi. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, sosial, humanitar, hüquqi sahələrdə, eləcə də dövlət idarəçiliyinin təkmilləşdirilməsi və əhaliyə yüksək keyfiyyətdə xidmətlərin göstərilməsi istiqamətlərində kompleks islahatlar həyata keçirilir. Bu islahatlar haqqında məlumatı Avropa Şurasında çatdırmaq vəzifəmizdir. Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanla bağlı mütəmadi məsələləri nəzərdən keçirir, ancaq islahatlardan danışılmır. Uğurlarımızla bağlı məlumatları belə tədbirlər vasitəsilə çatdırmalıyıq.
Azvision.az xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində təşkil olunmuş “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” adlı tədbirdə iştirak etmiş İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov AzərTAc-a müsahibəsində söyləyib.

Çingiz Əsgərov bildirib ki, tədbirdə AŞPA-nın üzvləri, katibliyin nümayəndələri, eləcə də Avropa Məhkəməsinin nümayəndələri iştirak ediblər. Belə tədbirlərdə Azərbaycandakı uğurlar haqqında eşidəndə ölkəmizlə bağlı fikirlər dəyişir. Onlar görməlidirlər ki, Azərbaycan həqiqətən Avropa ailəsinin tamhüquqlu üzvüdür. Ölkəmizdəki uğurları görüb danışmaq istəməyənlər də var. Onlar Azərbaycana təzyiq göstərmək üçün onun uğurlarına göz yumurlar.

“Bildiyiniz kimi, bu günlərdə Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçirildi. Forumda mən də iştirak edirdim. Qonaqlardın biri mənə sualla müraciət etdi və soruşdu ki, dövlət və əhali arasında əlçatanlığı necə yaratmısınız və əhalinin rəğbətini qazanmısınız?”. Mən cavab verdim ki, bunun əsasında ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar dayanır. Bizdə dövlət qulluğu sahəsində böyük islahatlar həyata keçirilib. Bu gün dövlət qulluğunda gənc, enerjili insanlar çalışırlar və onların da əsas vəzifəsi əhaliyə xidmət etməkdir. Ancaq təəssüf ki, hələ də beynəlxalq təşkilatlarda bəziləri Azərbaycanın uğurlarına qısqanclıqla yanaşırlar. Uğurlarımız bəzilərində paxıllıq, qısqanclıq hissi yaradır”, - deyə Ç.Əsgərov vurğulayıb.

Azvision.az

Teqlər: