Hansı çimərliklərə getmək olar? - Monitorinqin nəticələri

   Hansı çimərliklərə getmək olar? -    Monitorinqin nəticələri
  28 İyun 2019    Oxunub:3579
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 24-27 iyun tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumatına görə, idarənin direktoru Ərəstun Həsənov bildirib ki, analizlərin nəticələri bundan əvvəl keçirilən monitorinqlərin nəticələri ilə eynidir:

"Belə ki, bu dəfə də Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə yararlıdır, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil".

ETSN-nin rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib:

"Nəticələrə görə Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) çimərlik ərazilərində dəniz suyu istifadə üçün yararlı, Nabran ərazisinin dəniz suyu isə çimərlik məqsədilə qeyri-qənaətbəxş hesab olunur. Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərdə dəniz suyunun tərkibi normalara uyğun olaraq həmin ərazilərdən çimərlik məqsədilə istifadəyə imkan verir".

Ə.Həsənovun sözlərinə görə, hər həftə ETSN-nin mütəxəssisləri tərəfindən çimərliklərdə monitorinqlər keçiriləcək, dəniz suyundan nümunələr götürüləcək və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Azvision.az


Teqlər: Çimərlik  





Xəbər lenti