Şəhidin medalı ailəsinə təqdim edilib - FOTOLAR

Şəhidin medalı ailəsinə təqdim edilib -  FOTOLAR
  29 İyun 2019    Oxunub:3359
Tərtər rayonu istiqamətində Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini kobud surətdə pozaraq təxribat törətməsi nəticəsində iyun ayının əvvəlində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəlilov Elşən Vüqar oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı bu gün şəhidin ailəsinə təqdim edilib.
Azvision.az xəbər verir ki, Gədəbəy şəhərində Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları, hərbi qulluqçular, ziyalılar və şəhid ailələri üzvlərinin iştirakı ilə medalın təqdim etmə mərasimi keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.



Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlardan, Azərbaycan Ordusunun dünyanın 50 ölkəsinin güclü orduları sırasında yer almasından söhbət açıb. Qələbə qurbansız olmaz deyən icra başçısı bildirib ki, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindəndir. O, Azərbaycan Ordusunun yaranmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək bildirib ki, bu gün Ümummilli Liderimizin ordu quruculuğu siyasəti möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.



Qeyd olunub ki, Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşləri zamanı, eləcə də 2018-ci ilin Günnüt əməliyyatı vaxtı düşmənə bir daha nəyə qadir olduğunu sübut etdi. “Gədəbəy rayonunun gəncləri Silahlı Qüvvələrdə Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edirlər. Rayonumuzun onlarla gənci döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onlardan bir neçəsi ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüblər. Şəhid Elşən Xəlilovun da ailəsi diqqət mərkəzindədir. Onun dəfn mərasimi yüksək səviyyədə keçirilib. Biz ölkə rəhbərliyinə, Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk”, - deyə İbrahim Mustafayev qeyd edib.



Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə nazirinin əmrini oxuyub və medalı şəhidin atası Vüqar Xəlilova təqdim edib. Şəhidin atası və anası “Vətən sağ olsun!” deyərək ölkə rəhbərliyinə, Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Bir neçə gün öncə Prezidentin sərəncamı ilə medalla təltif olunmuş polkovnik-leytenant Eldəniz Nəsirov çıxış edərək bildirib ki, biz bundan sonra da Elşən Xəlilov kimi igidləri yetirən bir torpağın keşiyində sədaqətlə dayanacaq və torpaqlarımızın düşmən tapdağından tezliklə azad ediləcəyinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına əminik.



Şəhidin vaxtilə təhsil aldığı Köhnəqışlaq kənd məktəbinin müəllimləri Akif Məmmədov, Tofiq Əliyev çıxış edərək Elşən Xəlilovun hələ orta məktəbdə oxuduğu illərdə onun vətənpərvər şagird olduğunu qeyd ediblər.

Bir neçə gündən sonra hərbi xidmətə yollanacaq çağırışçı gənclər adından Tunar Səfərov çıxış edərək bildirib ki, bu gün əsgər Elşən Xəlilov yoxdursa, onun yüzlərlə, minlərlə davamçıları var və o söz verib ki, bundan sonra da Vətənə, xalqa şəhid Elşən Xəlilov kimi sədaqətlə xidmət edəcəklər.

Tədbirin sonunda Azərbaycan Dövlət İqtisad Universitetinin nəşri olan “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” kitab-albomu tədbir iştirakçılarına hədiyyə edilib.

Tədbir vətənpərvərlik mahnıları ilə sona çatıb.

Azvision.az


Teqlər: Şəhid   Medal   Müdafiə-Nazirliyi  





Xəbər lenti