Prezident Makronu təbrik edib

   Prezident Makronu təbrik edib
  13 İyul 2019    Oxunub:1689
Prezident İlham Əliyev Fransanın milli bayramı münasibətilə Prezident Emmanuel Makrona təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, dövlət başçısı məktubda Azərbaycan-Fransa əlaqələrinin xoş ənənələrə malik olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi istiqamətində atdığımız addımlar bu ənənələri bilavasitə zənginləşdirməkdədir.

“Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı faydalı əməkdaşlığımız özünün geniş spektri ilə səciyyələnir. Yüksək səviyyəli siyasi təmaslarımız iqtisadi və humanitar sahələrdəki birgə işimizlə müşayiət olunur.

Bütün bunlarla yanaşı, xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə, şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev Prezident Emmanuel Makrona möhkəm cansağlığı, işlərində uğurlar, dost Fransa xalqına daim sülh və rifah diləyib.

Azvision.az


Teqlər: Prezident   Makron   Təbrik  





Xəbər lenti