Gecə reysləri bərpa olunur, qadağa ləğv edilir

Gecə reysləri bərpa olunur, qadağa ləğv edilir
  26 İyul 2019    Oxunub:3023
Azərbaycanın rayonlarına gecə sərnişin daşımaları bərpa oluna bilər. Artıq avtobuslarla gecə reyslərinin bərpası üçün təkliflər hazırlanaraq hökümətə təqdim olunub.
Bunu Azvision.az -a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib. O bildirib ki, gecə sərnişin daşımaları üçün imkanlar mövcuddur.

“Gecə reysləri ilk növbədə yaxın məsafələr üçün nəzərdə tutulub. Bu istiqamətlərdə gecə saatlarında hərəkət edəcək avtobuslar bizim tələblərə uyğundur. Onlar normal, təhlükəsiz, komfortlu iritutumlu avtobuslardır. Gecə resylərinə bütün daşıyıcılar maraqlıdır. Birincisi, əlavə qazancdır, ikincisi, vətəndaş müraciəti çoxdur. Ona görə də daşıyıcılar maraqlıdırlar ki, gecə reyslərində sərnişin daşınmaq üçün avtobus parkını yeniləsinlər”.



N.Allahyarova qeyd edib ki, gecə reysləri təşkil ediləcək istiqamətlər üçün tələblər qoyulub: “Birincisi, yollarda işıqlandırma normal olmalıdır. Zəif işıqlandırma olan istiqamətlərdə gecə reysi olmayacaq. İkincisi, magistral, şose yollarının vəziyyəti gecə reysində hərəkətə imkan verməlidir. Üçüncüsü isə, xəttə normal avtobusları olan daşıyıcılara üstünlük veriləcək.

Gecə reysləri səhərə qədər davam edəcək. Onsuz da sərnişin daşıyıcıları gecə 01:00-a qədər işləyirdilər. Təkliflər qəbul olunsa, 01:00-dən 06:00-a qədər olan qadağa götürüləcək. Daşıyıcı istənilən saatda yolda ola biləcək. Gecə reyslərinin bərpa olunması, o demək deyil ki, sürücü fasiləsiz işləyəcək. Bu, qeyri-qanuni daşımalarda olur ki, sürücü özü qərar verir və istirahət etmədən hərəkət edir. Qanuni daşımalarda isə növbəlilik rejimi var. Sərnişini mənzil başına çatdıran sürücü ən azı 4 saat istirahət etməlidir və daha sonra geri qayıtmalıdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: DANX   Gecəreysi   Sərnişindaşıma  





Xəbər lenti