Türkiyə ilə vizasız rejimin Azərbaycan üçün iqtisadi faydaları

 Türkiyə ilə vizasız rejimin Azərbaycan üçün iqtisadi faydaları
  26 İyul 2019    Oxunub:3928
Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Onun sözlərinə görə, 2019-cu ilin 6 ayı ərzində iki qardaş ölkə arasında ticarət dövriyyəsi 35% artıb. Həmçinin Azərbaycanın Türkiyəyə ixracında 2 dəfəyə yaxın artım qeydə alınıb.

"Həm xarici ticarət dövriyyəsində, həm də Azərbaycanın ixracında Türkiyə 2-ci ölkədir. Digər tərəfdən 2020-ci ildə Azərbaycanın Türkiyəyə yatırdığı xarici investisiyanın həcmi 20 milyard dollara çatacaq. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. Türkiyə şirkətlərinin də Azərbaycan iqtisadiyyatına yatırımları 14 milyard dolları keçməkdədir. Bu rəqəmlər və eyni zamanda birgə həyata keçirilən enerji, nəqliyyat layihələri hər iki ölkənin iqtisadiyyatlarının getdikca daha çox inteqrasiya olunduğunu deməyə imkan verir".



Deputat qeyd edib ki, Türkiyə vətəndaşları üçün sadələşdirilimiş viza rejiminin ləğv olunması yeni mərhələyə qədəm qoymuş iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək olacaq: "Ümumiyyətlə, təcrübə göstərir ki, insanların maneəsiz hərəkəti ölkələr arasında kapitalın sürətli hərəkətinə təkan verir və bu isə öz növbəsində iqtisadiyyatın dinamik inkişafını təmin edir. Digər tərəfdən, 2019-cu ilin 6 ayının yekunlarına görə, Azərbaycana səfər edən turistlərin sayının 12%-ni Türkiyə vətəndaşları təşkil edir. Azərbaycanın turizm potensialı və ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının sayı artır. Düşünürəm ki, viza rejiminin ləğvi Azərbaycan səfər edən Türkiyə vətəndaşlarının sayının artmasına müsbət təsir edəcək. Bu istiqamətdə mövcud potensialdan daha çox istifadə etmək imkanı mövcuddur".



T.Mirkişili əlavə edib ki, Azərbaycanın dövlət idarəetməsində çevik məlumat bazalarının formalaşması və müasir texnologiyaların tətbiqi həm viza sistemlərinin asanlaşdırılmasına, həm də bir çox ölkələr üçün vizasız gediş-gəliş sisteminin tətbiqinə imkan yaratmaqla yanaşı milli təhlükəsizliyin də qorunmasına imkan yaradır.

Qeyd edək ki, ötən gün Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə qərar verib. Senytabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər.

Azvision.az


Teqlər: Türkiyə   Viza   İqtisadiyyat  





Xəbər lenti