Kürdəmirin avtomobil yolları yenidən qurulur
Layihə çərçivəsində yolboyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün 270 poqonmetr müxtəlif diametrli dairəvi metal və dəmir-beton borulardan istifadə olunub. Bundan başqa, yollarda yerləşən 2 və 4 aşırımlı avtomobil körpülərin də əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.
Torpaq işləri bitən ərazilərdə yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 santimetr qalınlığında iri dənəli, üst layının isə 5 santimetr qalınlığında xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılır. Asfaltlanma işləri Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının 300 min kvadratmetrdən çox sahəsini əhatə edir.
Layihələrin sonuncu mərhələsində çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri və avtobus dayanaqcaqlarının tikintisi, həmçinin yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, yol göstəricilərinin və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Azvision.az