Cəlil Məmmədquluzadə nəslinin davamçıları Azərbaycana gəlir
Akademik İsa Həbibbəyli uzun illərdir ki, böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin zəngin və çoxşaxəli irsini, həyatı, mühiti və müasirlərini tədqiq edib öyrənmək, əsərlərini dünya dillərinə tərcümə etdirərək kitab halında nəşr etdirmək sahəsində ardıcıl iş aparır. İsa Həbibbəyli, eyni zamanda, Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək işi ilə məşğuldur. O, hələ sovet hakimiyyəti illərində “Vətən” cəmiyyətinin xətti ilə Cəlil Məmmədquluzadənin xarici ölkələrdə yaşayıb-yaratmış nəslinin davamçılarını axtarıb və Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında böyük xidmətləri olmuş bu ziyalı nəslinin dünyanın ayrı-ayrı ölkələrində yaşayan nümayəndələrini tapıb müəyyənləşdirib. Akademik İsa Həbibbəyli ilk dəfə 1992-ci il yanvarın 25-də Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavanşiri ilə Tehran şəhərində görüşüb və onlarla əlaqələr yaradıb. O, həmçinin 1998-ci ildə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşərək, onunla da əlaqə qurub.
Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparıb.
İsa Həbibbəylinin yazdığı “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” Azərbaycan elmində yazıçıların nəsil ağacından bəhs edən ilk tədqiqatlardan biridir.
Azvision.az
Teqlər: CəlilMəmmədquluzadə AMEA