“Etihad Airways” 20 şəhərə uçuşlara başlayır

“Etihad Airways” 20 şəhərə uçuşlara başlayır
  05 İyun 2020    Oxunub:3157
İyunun 10-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviaşirkəti “Etihad Airways” Əbu-Dabi üzərindən Avropa, Asiya və Avstraliyanın 20 şəhəri arasında uçuşlara başlayacaq.
Azvision.az xəbər verir ki, bu xidmət xüsusi səfərlərə çıxanlara dünyanın bir sıra əsas istiqamətlərinə Əmirliklərin paytaxtı vasitəsilə asanlıqla səyahət etməyə imkan verəcək.

Bu yaxınlarda “Etihad Airways” Melbrun və Sidneydən Londona, eləcə də Əbu-Dabi vasitəsi ilə Londona və oradan da birbaşa istiqamətlərə uçuşlar təşkil edib. İyun ayı ərzində də “Etihad Airways” Əbu Dabi vasitəsilə qeyd edilmiş bir sıra uçuşları həyata keçirəcək.

Əbu Dabi üzərindən Cakarta, Kəraçi, Kuala Lumpur, Manila, Melburn, Seul, Sinqapur, Sidney və Tokiodan Avropanın böyük şəhərləri - Amsterdam, Barselona, Brüssel, Dublin, Frankfurt, Cenevrə, London, Madrid, Milan, Paris və Sürixə silsilə uçuşlar olacaq.

Seçimlərini görmək və səfər edəcəkləri ölkədə müvafiq giriş qaydaları barədə məlumat almaq üçün aviabilet bron edənlərə www.etihad.com/transfer səhifəsinə daxil olmaları tövsiyə olunur. Uçuşları mobil tətbiq, həmçinin “Etihad Airways” əlaqə mərkəzinə +971 600 555 666 (BƏƏ) zəng etməklə, yerli və ya onlayn səyahət agentliyi vasitəsilə sifariş etmək mümkündür.

“Etihad Airways” BƏƏ hökumətinin və beynəlxalq tənzimləmə və səhiyyə orqanlarının göstərişlərini izləməyə davam edir, koronavirusun yayılmasının məhdudlaşdırılması istiqamətində öz rolunu oynayır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: “EtihadAirways”  





Xəbər lenti