Paşinyan və xanımına qarşı 4 milyardlıq mənimsəmə ittihamı

 Paşinyan və xanımına qarşı 4 milyardlıq mənimsəmə ittihamı
  14 İyun 2020    Oxunub:5623
Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan baş nazir Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyanı 50 min ton metal tullantısının qanunsuz ixracını təşkil etməkdə günahlandırıb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Minasyanın sözlərinə görə, sərmayənin cəlb edilməsi və iş yerlərinin yaradılması nəzərdə tutulan “Bir addım at - layihə” şirkəti vasitəsi ilə Paşinyan xaricə metal ixracını təşkil edib.

Keçmiş səfir qeyd edib ki, 2014-cü ildə Ermənistandan 200 ton, 2015-ci ildə - sıfır ton, 2016-cı ildə - 283 ton, 2017-ci ildə - 287 ton, 2018-ci ildən etibarən isə ixracın həcmi kəskin şəkildə artıb və iki ildə 50 min ton metal ixrac edilib.



Minasyan hesab edir ki, hər ton üçün ixracatçı 80 min dram (təxminən 200 ABŞ dolları) məbləğində dövlət rüsumu ödəməlidir, lakin bu ixrac şirkətinə məxsus müəssisənin sənaye tullantıları olduğundan tutulmur. Belə olan halda Paşinyan və həyat yoldaşı büdcəyə getməli olan 4 milyard dramı (8 milyon dollar) mənimsəyiblər.

"Rusiyaya 7000 ton metal ixrac edə bildilər. Elə bir şəkildə təqdim etdilər ki, guya bunu istehsalla məşğul olan Ermənistanın Kotayk bölgəsindəki dörd fərdi sahibkardan alıblar və bu da onların tullantılarıdır. Ermənistan Ticarət Palatası müvafiq sənədləri təqdim etdi. Bunun bir mafiya olduğunu başa düşürsünüzmü?" - deyə sabiq səfir vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan   oğurluq   cinayət  





Xəbər lenti