Azərbaycanla İran arasında ticarət dövriyyəsi 5 dəfə artıb

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 5 dəfə artıb
  17 İyun 2020    Oxunub:2508
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İran Ticarət Palatasının beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Rza Kərbasi ilə videokonfrans keçirib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, diplomat son illərdə İranla Azərbaycanın ticarət dövriyyəsinin 5 dəfə artmasına işarə edərək, koronavirus dövründə iki ölkə arasında ticarət və sərhəd mübadiləsi barədə danışıb.

Cavad Cahangirzadə səfirliyin İranın tranzit yük maşınlarının Azərbaycan ərazisindən maneəsiz gediş-gəlişinin təmin edilməsi üçün gördüyü işləri və Azərbaycan tərəfinin bu işdə səmimi əməkdaşlığını vurğulayıb.

O, iki ölkənin özəl sektorları arasında ticarət əlaqələrinin yaxşılaşdırılması və genişləndirilməsi barədə özəl sektor nümayəndələrinin təkliflərini müsbət qarşılayaraq, bu təkliflərin həyata keçməsinin səfirliyin gündəliyində olacağını bildirib.

Görüşdə, həmçinin İran yük avtomobillərinin iki ölkənin gömrük məntəqələrində qarşılaşdığı bəzi problemlərin həlli ilə səfirliyin yaxından məşğul olacağı qeyd edilib.

Cahangirzadə İranla Azərbaycan arasında icra olunan müştərək layihələrin son vəziyyətinə toxunaraq, müştərək sənaye şəhərciyinin tikilməsi üçün səfirliyin gündəliyində olan layihələrə və Azərbaycanla preferensial ticarət müqaviləsinin hazırlanması üçün texniki müzakirələrin başlanmasına diqqət çəkib: “Bu, layihələrin icrası ilə iki ölkə arasında ticarətin daha da artmasının şahidi olacağıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan  



Xəbər lenti