Pandemiya zamanı immuniteti gücləndirmək üçün Ayurveda üsulu

Pandemiya zamanı immuniteti gücləndirmək üçün Ayurveda üsulu
  18 İyun 2020    Oxunub:2726
Pandemiyanın bütün dünyada yayıldığı bir vaxtda Hindistanın 5000 illik tarixə malik Ayurveda şəfa sistemi aktuallıq qazanır. Ayurveda Sanskrit sözüdür və mənası "həyat elmi" deməkdir. Ayurveda sağlam həyat tərzi yaşamaq üçün istifadə olunan praktik üsulları və təbii vasitələrlə müalicəni elmlə birləşdirir və bu xüsusiyyətləri onu daha effektiv, xalq arasında tanınmış edir.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Bakıdakı səfiri Bavitlunq Vanlalvavnanın “Pandemiya zamanı immuniteti gücləndirmək üçün Ayurveda” başlıqlı məqaləsində bildirilib.

Diplomatın sözlərinə görə, Hindistanın qədim zamanlarından bəri mövcud olan bu elmi bilikləri bir çox cəmiyyətdə artan nüfuza sahib olub. Dünyanın digər bölgələrində mövcud olan təbii şəfa sistemlərinin də mənşələri Ayurveda ilə bağlıdır.

Ayurveda sistemində müalicə tapmaqdan daha çox xəstəliklərin qarşısının alınmasına üstünlük verilir və buna görə də hazırda bütün dünyada davam edən yüksək yoluxuculuq xüsusiyyətinə malik koronavirusla mübarizədə son dərəcə aktualdır. Ayurveda sadə, lakin təsirli addımlar ataraq insan bədənində tarazlığı qorumağa çalışır. İnsan bədəninə ən uyğun pəhriz saxlamağa təşviq edən Ayurveda sistemində bu tarazlığı qorumaq üçün təbii-müalicəvi otlardan istifadə olunur. Ayurveda tamamilə bitki əsaslı elm olduğu üçün digər terapevtik dərmanlardan fərqli olaraq yan təsirləri yoxdur.

İnsan bədənində tarazlığa təsir edən amilləri öyrənmək Ayurveda elminin təməlini təşkil edir. Bədəndə tarazlığı dəyişdirə biləcək həm əqli, həm fiziki amillər, eləcə də daxili və xarici amillər ola bilər və bütün bunlar bədənimizdə xəstəlik kimi müşahidə etdiyimiz əlamətlərdə özünü göstərir. Buna görə tarazlığın bədəndə və zehində yenidən qurulması üçün tarazlığa təsir edə biləcək müxtəlif amilləri öyrənmək çox vacibdir.

Diplomat vurğulayıb ki, Ayurveda öz əsasını bizi əhatə edən beş ünsürdən, yəni hava, od, su, səma və yerdən götürür. Bu beş ünsür üç böyük enerji növünə qruplaşdırıldı və Sanskrit dilində Vata, Pitta və Kapha adlanır. Bədənimizdə yuxarıda göstərilən beş ünsürün birləşməsinin təzahürü olan bu enerjilərin düzgün tarazlığı sağlam yaşamağın açarıdır. İnsan bədənində enerji axını tarazlaşdıqda, daha az stres olur, bu da bədənin özünəməxsus müdafiə mexanizmini inkişaf etdirir və immuniteti gücləndirir. Buna görə də bədəni xarici xəstəliklərdən qorumaqda daha təsirli olur.

"Koronavirus pandemiyasının ilkin mərhələsində Hindistan hökumətinin Ayush Nazirliyi tərəfindən gündəlik həyatımızda sadə, lakin effektiv addımlar ataraq COVID-19 pandemiyasına qarşı immunitetin möhkəmləndirilməsi barədə qısa tövsiyə verildi. Bu tövsiyyələrdə gün ərzində isti su içmək, gündəlik ən azı 30 dəqiqə meditasiya ilə məşğul olmaq və yeməklərdə sarıkök, zirə, sarımsaq və keşnişdən istifadə etmək məsləhət görülür. Bu tövsiyyələrə dair tam məlumatı aşağıda qeyd olunan link vasitəsilə əldə etmək olar: https://www.indianembassybaku.gov.in/news_detail/?newsid=201

Sağlamlıq, sağlam bədən və sağlam düşüncənin təbliğ edilməsi üçün Ayurvedanın əsl mahiyyətinin dünyanın müxtəlif bölgələrində, o cümlədən Azərbaycanda daha yaxşı öyrənilməsinə ehtiyac var. Bu, fərdlərə və kütlələrə COVID-19 zamanı daha güclü özünə qulluq sistemini inkişaf etdirməyə köməklik göstərəcək", - səfir məqaləsində qeyd edib.

Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti