Dövlət Komitəsində videokonfrans formatında müşavirə keçirilib

Dövlət Komitəsində videokonfrans formatında müşavirə keçirilib
  19 İyun 2020    Oxunub:2471
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədəki mövcud dini duruma həsr olunmuş videokonfrans formatında müşavirə keçirilib. Videokonfransda DQİDK və tabeliyindəki qurumların rəhbərliyi, eləcə də Mərkəzi Aparat və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Komitədən Azvision.az -a verilən məlumata görə, müşavirəni açan DQİDK-nın sədri Mübariz Qurbanlı pandemiyanın qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çevik və məqsədyönlü siyasətin, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq atılan qabaqlayıcı addımların önəminə toxunub. Bildirib ki, dövlət başçısının tapşırığına əsasən yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının yayılmasına qarşı zəruri preventiv işlərin görülməsi, vətəndaşların ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq bu bəla ilə mübarizədə milli həmrəylik nümayiş etdirməsi, hakimiyyətlə xalq birliyinin mövcud olması, çətin günlərdə insanların mənəvi cəhətdən sıx birləşməsi halları koronavirusa qarşı mübarizədə böyük əhəmiyyət daşıyır.

DQİDK sədri daha sonra Dövlət Komitəsinin və tabeliyindəki qurumların koronavirus pandemiyası (COVID-19) dövründə sosial sahədə fəaliyyət istiqamətlərinə diqqət çəkib.

Vurğulanıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və könüllüləri xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə bir sıra sosial layihələrə dəstək veriblər. Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədilə Mərkəzi Qan Bankında keçirilən qanvermə aksiyasında iştirak edən qurumların rəhbərliyi və əməkdaşları, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulublar və könüllü olaraq əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər. Həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 140 nəfər tənha yaşlıya, şəhid ailələri və aztəminatlı ailələrə ərzaq yardımı edilib, o cümlədən virusa yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan bir qrup tibb işçisinə hədiyyələr göndərilib.

Komitə sədri, eyni zamanda qeyd edib ki, mövcud şəraitdə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycanda bütün dini ibadətgahlarda dini ayinlərin icrasının dayandırılması, yas mərasimlərinə qoyulan qadağalar barədə dini maarifləndirmə işlərinin aparılmasına xüsusi diqqət yetirilib. Komitə rəhbərliyinin cəmiyyətimizin maddi və mənəvi cəhətdən səfərbər olunması, insanların mənəvi cəhətdən sıx birləşməsi istiqamətində müsahibələri, çağırışları, açıqlamaları yayımlanıb. DQİDK əməkdaşları tərəfindən sosial şəbəkələr vasitəsilə virusun qarşısının alınması məqsədilə qoyulan tələblərə əməl etməyə, eləcə də dini rəhbərləri də bu işdən kənarda qalmamağa, dindarlarımızı Operativ Qərargahın bu barədə tövsiyələrini dinləməyə çağırışlar edilib. Bu istiqamətdə Dövlət Komitəsinin bölgə şöbələri tərəfindən dini icma sədrləri və din xadimlərinin iştirakı ilə onlayn maarifləndirmə tədbirləri keçirilib.

Həmçinin bildirilib ki, vətəndaşların qəbulu martın 17-dən etibarən dayandırılsa da DQİDK-nın “qaynar xətt”inə, “www.scwra.gov.az” rəsmi saytının “Jivochat” onlayn müraciət proqramına, rəsmi elektron poçt ünvanına və sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olan yüzlərlə müraciət cavablandırılıb, vətəndaşların qısa zamanda müvafiq məsələlərlə bağlı məlumat və cavab almaları operativ şəkildə təmin edilib.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov çıxışında bildirib ki, pandemiya dövründə təhsil müəssisəsi öz fəaliyyətini onlayn formatda uğurla davam etdirib. İnstitut ölkədə “Microsoft Teams” platforması üzərindən tədris prosesini həyata keçirən ilklər sırasında olub. Aİİ-nin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası da platforma üzərindən onlayn formatda şifahi formada keçirilir. Rektor əlavə edib ki, Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri müxtəlif vebinarlarda aktiv iştirak edib, onların müəllifliyi ilə bir neçə elmi dərslik və 36 elmi məqalə və tezislər çap edilib. O, həmçinin İnstitutun xüsusilə xarici tələbələri cəlb etmək məqsədilə təbliğat kampaniyasına başladığını da qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fond tərəfindən mövcud dövrdə yardım aksiyaları ilə yanaşı, bir sıra layihələrin həyata keçirildiyi qeyd edib. Bildirib ki, "Qarabağ üçün oxu 3" layihəsi təqdim olunub, "Ziyalı işığında" layihəsinə start verilib, “Azərbaycan naminə” esse-yazı müsabiqəsi yekunlaşdırılıb, tanınmış xeyriyyəçimiz Musa Nağıyev və Aprel şəhidlərimizə həsr olunan "Qəlbi zənginlər", Aprel döyüşləri - Böyük zəfərin başlanğıcı adlı videoçarxlar hazırlanıb, o cümlədən bir sıra maarifləndirici kitabların nəşri həyata keçirilib. Eyni zamanda Fondun ASAN radio ilə birgə layihəsi olan “Mənəvi dəyərlər” radio-verilişi fəaliyyətini uğurla davam etdirib.

Daha sonra DQİDK-nın Lənkəran, Yevlax və Gəncə bölgəsi üzrə şöbələrinin müdirləri yerlərdə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın təlimatına uyğun olaraq dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi barədə qadağalara riayət olunması istiqamətində Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, qazılar və imamlarla birgə vətəndaşlar arasında aparılan maarifləndirmə prosesi barədə danışıblar.

Yekun çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 19 ilinin tamam olması münasibətilə Komitə əməkdaşlarını təbrik edən Mübariz Qurbanlı fəaliyyətində fərqlənən bir qrup əməkdaşın fəxri diploma layiq görüldüyünü diqqətə çatdırıb, hər kəsi dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində daha böyük səylə çalışmağa, multikultural və tolerant ənənələrin təbliği işinə daha böyük töhfələr verməyə səsləyib.

Sonda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Azvision.az



Teqlər: DQİDK   Müşavirə  





Xəbər lenti