
Ölçüləri 6,22 metr x 6,02 metr olan qala kvadrat şəklindədir. Müdafiə qülləsinin tikintisində çay daşı və əhəngdən istifadə olunub. Qalanın divarları içəriyə doğru bir qədər maili vəziyyətdə tikilib və yuxarı qalxdıqca ensizləşir.

Divarların qalınlığı yer səthində 70-80, yuxarı mərtəbələrdə isə 60-70 santimetrdir. Qüllənin iki mərtəbəsində hər divarın ortasında eni 80 santimetr olan pəncərə yeri, onların yanlarında mazğallar yerləşir. Üçüncü mərtəbədə yalnız günbatan tərəfə bir pəncərə yeri var.

“Sumuq qala”nın tikilməsi İlisu sultanlığının inkişaf etdiyi dövrə təsadüf edir. İlk dövrlərdə sırf müdafiə qurğusu olan qüllə sonralar yaşayış üçün də istifadə olunub. Qafqaz müharibələri dövründə bu cür müdafiə qüllələri yerli əhalinin düşmənə müqavimət göstərməsində mühüm rol oynayırdı.

2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına “Sumuq qala”da bərpa işləri aparılıb. Qalanın torpaq altında qalan hissəsi təmizlənib, sel-suların zərər vurmaması üçün qüllənin yanında suötürücü kanal tikilib, qalaya aparan yola daş örtük döşənib.

Hazırda qalanın daxilində Qax Tarix-Diyarşünaslıq Muzeyinin “İlisu sultanlığının tarixi” adlı filialı fəaliyyət göstərir. “Sumuq qala” rayona gələn yerli və xarici turistlərdə xüsusi maraq doğurur. Qala tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.



Foto: Əhməd Xəlilov
Azvision.az