Paşinyanın fraksiyası konstitusiya çevrilişinə hazırlaşır

 Paşinyanın fraksiyası konstitusiya çevrilişinə hazırlaşır
  22 İyun 2020    Oxunub:2560
Baş nazir Nikol Paşinyanın "Mənim addımım" parlament fraksiyasının 88 deputatı Ermənistan Cinayət Məcəlləsinin 300-cü (hakimiyyətin ələ keçirilməsi) və 300.1-ci (konstitusiya quruluşunun devrilməsi) maddələri ilə cinayətlər törətməklə konstitusiya çevrilişi edəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə “168.am” nəşri yazıb.

Məqalədə deyilir ki, parlamentin deputatları konstitusiyanı kobud şəkildə pozaraq və Konstitusiya Məhkəməsinin razılığı olmadan bu məhkəmənin hakimlərinin səlahiyyətlərinə xitam verən konstitusiyaya dəyişiklik layihəsini ikinci oxunuşda qəbul edəcəklər.

Xatırladaq ki, bu layihə ötən cümə Venesiya Komissiyası tərəfindən də sərt tənqid olunub.

Qəzetin yazdığına görə, "Mənim addımım" fraksiyası artıq Ermənistan prezidenti Armen Sarkisyanla razılığa gəlib.

Razılaşmaya əsasən, Armen Sarkisyan qeyd olunan prosesin konstitusiyaya uyğunluğuna dair mübahisə etməyəcək, lakin müvafiq layihəni imzalamayacaq. Müvafiq düzəlişləri parlamentin sədri Ararat Mirzoyan imzalayacaq.

Xatırladaq ki, Paşinyan bir müddətdir Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmarsyanın və üzvlərin vəzifədən getmələrinə çalışır. O, bu ilin aprelində referendum keçirmək istəsə də, sonradan məğlub olacağını dərk edərək, pandemiya bəhanəsi ilə geriyə addım atrdı.

Paşinyan ali məhkəmə orqanlarında əksəriyyətin keçmış rejimlə bağlı kadrlardan ibarət olduğunu deyərək, onlardan yaxa qurtarmaq istəyir və qeyri-qanuni yollara əl atır.

Daha əvvəl isə Hrayr Tovmasyan və Konstitusiya Məhkəməsinin 7 üzvü könüllü istefa verəcəkləri təqdirdə, maaşlarını ömürlük pensiya şəklində almaq təklifindən imtina ediblər.

Hrayr Tovmasyan Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə Serj Sarkisyanın baş nazirliyi zamanı seçilib və 2035-ci ilədək vəzifədə qalmalıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi  





Xəbər lenti