Bu il Həcc ziyarəti məhdud sayda təşkil olunacaq

Bu il Həcc ziyarəti məhdud sayda təşkil olunacaq
  26 İyun 2020    Oxunub:3300
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ünvanına məktub daxil olub. Səfir doktor Həməd bin Abdulla bin Xudeyrin imzaladığı müşayiət məktubu ilə Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatı QMİ-yə təqdim olunub.
QMİ-dən Azvision.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, yeni tip koronavirusun (COVİD-19) dünyanın 180 dövlətində yayılması, çox sayda yoluxub vəfat edənlərin, dünya üzrə milyonlarla ölçülən yoluxma sayını nəzərə alaraq, Səudiyyə Ərəbistanı Krallığı Səhiyyə Nazirliyi yoluxmanın fərdlərin təhlükəsiz formada məsafə saxlamasının təmini çətin olan toplantılarda təhlükə yaratması səbəbilə qərar verib.

Sənəddə qeyd edilir ki, hal-hazırda pandemiyanın davam etdiyi, qlobal miqyasda yoluxma səviyyəsinin artdığı bir şəraitdə qərara alınmışdır ki, bu il (hicri 1441-ci il) Həcc ziyarəti Krallığın daxilindəki müxtəlif ölkə vətəndaşları arasından buna istəyi olanların iştirakı ilə çox məhdud sayda təşkil olunsun. Burada məqsəd bu ayini sağlamlıq cəhətdən təhlükəsiz formada həyata keçirməyə səy göstərməkdir. Bu, İslam şəriətində insan həyatının Allahın izni ilə qorunması hökmünə əsasən profilaktik tələblər, lazımi sosial məsafə, insan sağlamlığının qorunmasının təmini üçün həyata keçirilib.

Bəyanatda vurğulanır ki, İki Müqəddəs Məscid Xadiminin Höküməti hər il milyonlarla Həcc və ümrə zəvvarlarına xidmət etməkdən şərəf duyaraq bəyan edir ki, bu qərar onun zəvvarların təhlükəsizliyi və salamat şəkildə ölkələrinə qayıtmaları üçün göstərdiyi davamlı səylərdən irəli gəlir:

"Azərbaycan Həcc Missiyasının təşkilatçısı olan dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatını təqdir edir, burada əksini tapan məqamların zəruri olduğunu qəbul edir və İki Müqəddəs Məscid Xadiminin miyonlarla insanın xəstəlikdən qorunması və həyatının xilası məramı ilə atdığı mühüm addımları bəyənir.

Uca Allaha dünyanı, bəşəriyyəti pandemiyadan qoruması üçün dualar edir, gələcək Həcc və Ümrə ziyarətlərinin yerinə yetirilməsini niyyətində olanlara qismət etməsini diləyirik".

Azvision.az


Teqlər: QMİ   Həcc   Ziyarəti  





Xəbər lenti