İran İnterpoldan Trampı tutmağı tələb edir

  29 İyun 2020    Oxunub : 2335
 İran İnterpoldan Trampı tutmağı tələb edir
İranın məhkəmə orqanları İnterpoldan ABŞ Prezidenti Donald Trampın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasım Süleymaniyə sui-qəsdə görə beynəlxalq axtarışa verilməsini tələb edir.
Azvision.az “Mehr News” agentliyinə istinadən xəbər verir ki, generalın qətli ilə bağlı hazırlıq işlərində iştirak edən ABŞ və digər ölkələrin siyasi, hərbi xadimlərindən ibarət 36 nəfəri müəyyən etmək mümkün olub.

Tehranın prokuroru Əli Mehranın sözlərinə görə, məhkəmə orqanları onların məsuliyyətə cəlb edilməsi və İnterpol vasitəsi ilə barələrində qırmızı status elan edilməsi ilə əlaqədar qətnamə qəbul edib. Bu qərarın dünyada hüquq-mühafizə qüvvələrinin tələb olunan şübhəlilərin axtarışını və tutulmasını asanlaşdıracağı hesab olunur.

Prokuror deyib ki, həmin şəxslər qətl və terrorda günahlandırılırlar: "Siyahının başında ABŞ Prezidenti Donald Tramp var".

Xatırladaq ki, ABŞ yanvarın 3-də Bağdadda Süleymaninin aradan qaldırılması üçün əməliyyat keçirib. Buna cavab olaraq İran ABŞ qoşunlarının yerləşdiyi İraq bazasına raket zərbələri endirib. Əvvəlcə ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbərliyi itki olmadığını söyləyiblər, sonra zərərçəkənlərin olduğunu etiraf ediblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: QasımSüleymani