Paşinyanın siqaret qaçaqmalçılığı ifşa olunur

  07 İyul 2020    Oxunub : 2536
 Paşinyanın siqaret qaçaqmalçılığı ifşa olunur
Ermənistanın Respublika Partiyasının Gənclər Təşkilatının nümayəndələri hökumət binasının qarşısında "Voronej-Krasnodar" adlı fləşmob keçirirlər.
Azvision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, təşkilatının rəhbəri Ayk Mamicanyan aksiyanın davamlı olacağını deyib.

Onun sözlərinə görə, hökumətə elə gəlir ki, öz qalmaqallı korrupsiya hekayələrini və qanunsuz əməllərini ört-basdır edə bilər. Ancaq bu aksiya ilə onlara korrupsiya, qanunsuz əməllərini unutdura bilməyəcəkləri xatırladılır.

“Görünən odur ki, konstitusiya zorakılığı, ali orqanların korrupsiya ilə bağlılığı adi hala çevrilir. Biz nəhayət, baş nazirimizin bir qəsbkar - populist, deputat və ya ədədlə siqaret satan olub-olmadığını başa düşməliyik”.

Erməni gənc əlavə edib ki, noyabr ayında Ermənistanda sorğu aparılarkən, yalnız 60% respondent ölkədə korrupsiyanı ciddi problem hesab edirdi. Hakimiyyət tərəfindən aparılan sorğulara görə, vətəndaşların 80% -i Ermənistanda korrupsiyanın olduğuna inanır.

“Sabiq səfir Mikael Minasyanın proseslə bağlı versiyasını eşitdik. Rusiyada cinayət işi açıldı, ancaq Ermənistandakı heç bir səlahiyyətli bu barədə danışmadı. Nikol Paşinyanın korrupsiya qalmaqallarını gizlətmək üçün etdiyi hərəkət tərzi qəbuledilməzdir. Polisdən yox, siyasi məmurlardan izahat tələb edirik.

Necə olur ki, bir neçə təyyarə siqaret ölkədən çıxarılır və deyilir ki, hökumət bu barədə məlumatlı deyil?! Mən buna inanmıram. Halbuki komendanta ölkədən uçan hər təyyarə barədə məlumat verilir".

Xatırladaq ki, İrəvandan Voronejə gələn yük təyyarəsinin göyərtəsində külli miqdarda saxta tütün məmulatları aşkarlanıb. Bu, son bir ayda Ermənistandan gətirilən ikinci böyük siqaret yüküdür. Aprelin sonlarında isə Krasnodar sərhədçiləri tərəfindən siqaret yükü ələ keçirilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Krasnodar