İspaniyanın daha bir bölgəsində maska məcburi oldu

  10 İyul 2020    Oxunub : 2613
İspaniyanın daha bir bölgəsində maska məcburi oldu
İspaniyanın daha bir regionu - Estremadura ictimai yerlərdə tibbi maskalardan istifadəni məcburi edib.
Azvision.az xəbər verir ki, bu, İspaniyada son bir həftə ərzində sanitariya tədbirlərini gücləndirən üçüncü muxtar bölgədir.

"Bu gün saat 24:00-dan etibarən muxtar icma daxilində maskalardan istifadə etmək məcburi olacaq”, - deyə bölgə hökumətinin sağlamlıq üzrə müşaviri Xose Mariya Verxeles bildirib.

Maska altı yaşdan yuxarı bütün sakinlər və turistlər üçün məcburidir. İstisnalar tibbi əks göstəriciləri olanlar, idman edənlər, bar və restoranlara gələnlər üçün nəzərdə tutulub.

Müşavirin sözlərinə görə, vəziyyətin nisbətən yaxşı olmasına baxmayaraq, profilaktik tədbirlər görmək lazımdır. Hazırda Estremadurada dörd yerli infeksiya ocağı qeydə alınıb.

Bölgə rəsmisi buna ciddi yanaşmalı olduqlarını deyib.

Xatırladaq ki, daha əvvəl Kataloniyada, ardınca Balear adalarında məcburi maska rejimi tətbiq olunub. Bazar ertəsindən etibarən adaların küçələrində və bütün ictimai yerlərdə maska taxmaq məcburi olacaq. Qayda pozanlar üçün cərimə 100 avrodur. Muxtar icmaların hakimiyyəti ərazilərində əlavə təhlükəsizlik tədbirləri tətbiq edərək, COVID-19 virusunun yayılmasının qarşısını almağa çalışır.

Ötən həftənin sonunda Qalsiya muxtar birliyinin səlahiyyətliləri təxminən 70 min insanın yaşadığı A-Marinya bölgəsində beş günlük karantin tətbiq edib. Kataloniya hakimiyyəti isə təxminən 200 min nəfərin yaşadığı Seqriya bölgəsinə giriş-çıxışı məhdudlaşdırıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İspaniya   Koronavirus   Pandemiya