“Erməni tərəfi heç nə ələ keçirə bilmədi” - Prezidentin köməkçisi

 “Erməni tərəfi heç nə ələ keçirə bilmədi” -  Prezidentin köməkçisi
  14 İyul 2020    Oxunub:3335
Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatçı hərəkətlər törədib, atəşkəs rejimini kobud şəkildə pozub. İlk olaraq erməni hərbçilər artilleriyadan istifadə ediblər və bunun qarşısı əks-hücumla alınıb. Atəşkəsin pozulması, bütün bu hadisələrin məsuliyyətinin Ermənistan tərəfinin üzərinə düşdüyünü əyani şəkildə göstərir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı “Lenta.ru” portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan uzun müddətdir davam edən hərbi münaqişəni öz sosial-iqtisadi problemlərinin kəskinləşməsi fonunda gücləndirməyə çalışır.

"Bu, ölkə rəhbərliyinin desturiktiv siyasəti səbəbindən qaynaqlanan COVID-19-un geniş yayılmasıdır. Düşünürlər ki, sərhəddə gərginlik yaratmaq onları daxili problemlərdən yayındıracaq. Ölkəmiz sərhəddə gərginliyin yaranmasının əleyhinədir. Təxribatların qarşısını almaq üçün sərhəd xidmətləri və silahlı qüvvələrimiz gücləndirilib.

Erməni tərəfi heç nə ələ keçirə bilmədi. Bakı hər zaman təxribatların qarşısını almağa və Azərbaycan-Ermənistan sərhədində gərginliyin yaranmasına səbəb ola biləcək bu kimi hadisələri aradan qaldırmağa hazırdır. Qazax və Tovuz bölgələri boyunca Azərbaycan dövlət sərhəd xidmətinin bölmələri yerləşdirilib. Ermənistan tərəfi, əksinə, iki ölkə arasındakı dövlət sərhədini sistematik şəkildə hərbiləşdirməkdə və mülki şəxslərə qəsdən atəş açmaqda davam edir".

PA rəsmisi əlavə edib ki, 30 ildir Azərbaycan ilə Ermənistan arasında ciddi münaqişə davam edir. Ermənistan Dağlıq Qarabağı və daha 7 rayonu işğal edib.

"Silahlı qüvvələrimiz hələ də orada üz-üzə dayanır. Bütün bunlar 100 min əsgərin üz-üzə dayandığı Birinci və İkinci Dünya Müharibəsinin ssenarilərinə bənzəyir. Bu da hər an toqquşmanın gözlənildiyini göstərir".

"Rusiya münaqişənin qarşısını almağa kömək edəcək tərəf kimi çıxış edə bilərmi?" sualına isə H.Hacıyev belə cavab verib: “Əlbəttə, Rusiyanın bu məsələnin həllində rolu çox böyükdür. Bunu çox yüksək qiymətləndiririk, Rusiya Federasiyasının rəhbərliyi və şəxsən Prezident Vladimir Putin lazımi addımlar atıb. Ancaq təəssüf ki, erməni işğalı və təxribatçı addımlar məsələnin sülh yolu ilə həllini mümkünsüz edir. Bütün beynəlxalq birliyi Ermənistanı məsuliyyətə cəlb etməyə çağırırıq. Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını sübut edir. Ermənistanın bu təcavüzkar siyasəti bir sıra digər ölkələri də təhdid edir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: PrezidentVladimirPutin  





Xəbər lenti