Səfir İtaliyada Ermənistanın hərbi təxribatlarından danışdı - VİDEO
Azərbaycan diplomatı cari il ərzində Azərbaycan-İtaliya münasibətlərində ən yadda qalan məqamlar, COVİD-19-a qarşı mübarizədə ölkəmizin beynəlxalq təşəbbüsləri və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və törətdiyi son hərbi təxribatlar və bu təxribatların Avropanın enerji təhlükəsizliyinə təhdid olması barədə danışıb.
Cari ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya tarixi dövlət səfərinin Azərabaycan-İtaliya strateji tərəfdaşlığında yeni səhifə açdığını, səfər vaxtı keçirilmiş görüşlərin, təşkil olunmuş tədbirlərin, imzalanmış çoxsaylı sənədlərin, xüsusilə də Azərbaycan Respublikası Prezidenti ilə İtaliya Respublikası Baş naziri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxtərəfli Strateji Tərəfdaşlığın Gücləndirilmsinə dair Birgə Bəyannamə”nin iki ölkə arasında əlaqələrin hazırkı yüksək səviyyəsinin təcəssümü olması ilə yanaşı, növbəti illərdə strateji tərəfdaşlığın bütün sahələr üzrə daha da dərinləşdirilməsi üçün güclü əsas yaratdığını bildirib.
Azərbaycan və İtaliyanın bir-birinə yaxın dost ölkələr olduğunu, istər yaxşı, istərsə də çətin məqamlarda da bir-birinin yanında olduğunu da deyən diplomat pandemiya dövründə iki ölkənin bir-birinə humanitar, sosial və mədəniyyət sahələrində müxtəlif təşəbbüslərlə yaxınlıq və həmrəylik nümayiş etdirdiyini bildirib. Azərbaycanın qlobal səviyyədə pandemiyaya qarşı mübarizədə həyata keçirdiyi fəaliyyəti barədə də danışan diplomat, bu xüsusda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidentinin BMT-nin video konfrans formasında xüsusi sessiyasının çağırılması təşəbbüsünün 130 ölkə, o cümlədən İtaliya tərəfindən də dəstəkləndiyini qeyd edib.
Çıxışında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları mövzusunda xüsusi dayanan diplomat, 30 ildir Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, torpaqlarımızın 20 faizinin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunun işğal edildiyini və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü bildirib.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son hərbi avantüranın işğal siyasətinin davamı olduğu və törətdiyi cinayətlərinə görə cəzalandırılmadığından irəli gəldiyini deyib.
Ermənistanın bu avantürasının arxasında dayanan məkrli niyyət və məqsədlər barədə məlumat verən diplomat, bunun Ermənistan rəhbərliyinin həmin ölkədəki ağır daxili vəziyyətdən diqqəti yayındırmaq, Azərbaycanın yeni ərazilərini işğal etmək, məsələyə üçüncü tərəfləri cəlb etmək, strateji enerji və nəqliyyat infrastrukturunu hədəf almaqdan ibarət olduğunu bildirib. Ermənistanın hədəf aldığı Tovuz rayonunun Azərbaycanın və Xəzər dənizinin enerji resurslarının qərbə və dünya bazarlarına daşınmasını həyata keçirən bütöv infrastruktur, eləcə də Şərq və Qərbi birləşdirən önəmli dəmir yolu və avtomobil bağlantılarının, habelə Avropaya, xüsusilə də İtaliyaya təbii qazı tədarük edəcək, son hissəsi Trans Adriatik boru kəməri olan Cənub Qaz Dəhlizinin keçdiyi strateji bölgə olduğunu deyib. Diplomat Ermənistanın Azərbaycana qarşı hərbi avantürasının Azərbaycan qazının Avropaya tədarükünündən bir neçə ay əvvəl baş verməsinin də təsadüf olmadığını bildirib.
Çıxısının sonunda diplomat vurğulayıb ki, Ermənistan rəhbərliyinin bu hərbi avantürası beynəlxalq ictimaiyyətin təcavüzkar Ermənistanla təcavüzünə məruz qalan Azərbaycan arasında fərq qoyulmamasının nəticəsidir və beynəlxalq ictimaiyyət təcavüzkar Ermənistana öz təcavüz siyasətindən əl çəkməsi üçün güclü təzyiq göstərməyincə, bu ölkə cinayət əməllərini davam etdirəcəkdir, çünki cəzasız qalan cinayətlər yeni cinayətlərə yol açır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Tovuz