Muzeylər ziyarətçiləri qəbul etməyə hazırdır

  02 Sentyabr 2020    Oxunub : 17066
Muzeylər ziyarətçiləri qəbul etməyə hazırdır
Dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətin stabilləşməsinə, yoluxma hallarının kəskin azalmasına nail olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tarixli qərarına əsasən, ölkəmizdə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər aradan qaldırılmış, o cümlədən muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub.
Mədəniyyət Nazirliyindən Azvision.az -a bildirilib ki, vətəndaşların asudə vaxtlarının daha səmərəli təşkil olunması üçün muzeylərdə sanitar-gigiyena qaydalarının tələblərinə uyğun bütün şərait yaradılıb. Belə ki, muzeylərin girişində ziyarətçilərin hərarəti ölçülür, onlara maska, əlcək, dezinfeksiyaedici məhlul təqdim olunur. Həmçinin muzey daxilində sosial məsafənin qorunması barədə xəbərdaredici lövhələr asılıb. Gün ərzində müvafiq qrafik üzrə muzeylərdə təmizlik-dezinfeksiya işləri həyata keçirilir.

Bununla yanaşı, karantin dövründən sonra muzeylərdə sanitar-gigiyenik qaydaların həyata keçirilməsinə nəzarət edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Səməd Vurğunun ev-muzeyi və digər muzeylərə baxış keçirilib, yerində təhlillər aparılıb və müvafiq tövsiyələr verilib.

Beləliklə, sentyabrın 2-dən həftənin çərşənbə axşamı-cümə günləri muzeylər ziyarətçiləri qəbul edəcək.

Məlumat üçün qeyd edək ki, muzeylərə virtual səyahət etmək imkanı yaradan museum.az saytı öz fəaliyyətini davam etdirir.

Azvision.az

Teqlər: Muzey