`Gömrük İttifaqı`nın sonu çatıb – TƏHLİL

`Gömrük İttifaqı`nın sonu çatıb – TƏHLİL
  07 Mart 2014    Oxunub:4076
Rusiya Prezidenti Vladimir Putin özünün strateji məqsədinin Sovet İttifaqının bərpa edilməsi olduğunu gizlətmir və İttifaqın parçalanmasını 20-ci əsrin əsas geosiyasi fəlakəti hesab edir. Hazırda Putinin bütün siyasi gedişləri məhz bu məsələnin həllinə yönəlib. Gömrük İttifaqı SSRİ-nin bərpa olunması planının tərkib hissəsidir. Gömrük İttifaqı üzv ölkələrin formalaşdıracağı və Rusiyanın rəhbərlik edəcəyi iqtisadi mühitin yaradılmasına hesablanıb.

Putin SSRİ-nin bərpa planının üç mərhələdə həyata keçirir və Gömrük İttifaqı planın 2-ci mərhələsi hesab oluna bilər. Birinci mərhələ 2012-ci ildə MDB-də Azad ticarət zonasının yaradılması ilə başa çatdı. Moskva postsovet respublikalarını Azad Ticarət Zonasına üzv olmağa şirnikləndirmə yolu gətirdi. Yeni müqaviləyə qoşulma MDB üzvləri üçün Rusiya bazarına asan şəkildə daxilolma vəd edir, eyni zamanda, Kreml üzv dövlətlərdən Avropa Birliyi ilə inteqrasiyanı, həmçinin Ümumdünya Ticarət Təşkilatı daxilində fəaliyyətlərini dayandırmağı tələb etmirdi.

Maraqlıdır ki, SSRİ-nin bərpa olunması istiqamətində ölkələrin Rusiya ətrafında daha sıx birləşməsi tələb olunduqça üzv olmaq istəyən dövlətlərin sayı hər mərhələdə azalmağa doğru gedirdi. MDB-də Azad Ticarət zonasının yaradılması barədə ilkin razılaşma hələ 1999-cu ildə əldə olunmuşdu və həmin vaxt hətta Azərbaycan və Gürcüstan kimi ölkələr də bu müqaviləyə qoşulmuşdular. Lakin sonrakı mərhələdə dövlətlər iqtisadi inteqrasiya adı altında Putinin imperialist xəyallarının həyata keçdiyini sezdikcə müxtəlif bəhanələrlə “inteqrasiya”dan boyun qaçırmağa başladılar. Birinci mərhələnin yekununda Rusiyanın yanında qalan dövlətlər Qazaxıstan, Belorus, Ermənistan, Qırğızıstan, Moldova, və Ukrayna oldular. Başlanğıcda qoşulmaq niyyətində olan Azərbaycan, Gürcüstan, Türkmənistan, Özbəkistan və Tacikistan bu müqaviləyə qoşulmadılar.

Növbəti mərhələ Gömrük İttifaqının yaradılmasıdır. Artıq bu mərhələdə Putin tələblərini daha sərt qoyur, ikili oyuna – yəni həm Avropa həm Rusiya tərəfində oyuna icazə vermirdi. Ölkələr artıq anlayırlar ki, Gömrük İttifaqı Rusiyanın planlarının növbəti mərhələsidir. Bu mərhələyə ən sağlam və ağrısız keçən ölkələr Belorus ilə Qazaxıstan oldu. Rusiyanın təzyiqləri qarşısında Ermənistan ilə Qırğızıstan Gömrük İttifaqına keçmək fikrində olduqlarını bəyan etsələr də, ilin sonunadək vaxt uzadır, ictimai fikri razı salmağa çalışırlar.

Ukraynanın keçmiş prezidenti Yanukoviçə isə heç bu barədə düşünməyə belə vaxt verilmədi və ölkədəki üsyanlar prezidentin postunu itirməsi ilə nəticələndi. Putin artıq Ukraynanın Gömrük İttifaqına daxil olmayacağı ilə barışmalıdır. Rusiya prezidentinin son açıqlamalarından belə bir nəticəyə gəlmək olar ki, Putin Ukraynanın yeni hakimiyyət qüvvələri ilə əməkdaşlığını davam etdirəcək (Başqa çıxış yolu yoxdur) ancaq Krımdan əl çəkməyəcək. Putin Krım xalqının öz müqəddəratını həll etmək hüququnun olduğunu açıq şəkildə bildirməklə buna işarə edirdi.

Dərhal üç sadiq “gömrükçü” – Rusiya prezidenti Putin, Qazaxıstan prezidenti Nazarbayev və Belorus prezidenti Lukaşenko Moskvada toplanmaq və ittifaqlarının sonrakı taleyini müzakirə etmək qərarına gəldilər. Nazarbayevin bəyanatlarından hiss olunur ki, o, Putinə təskinlik verməyə çalışır. Lukaşenko isə susmağa üstünlük verir. Çünki Ukraynadakı hadisələr onu o qədər də narahat etmir. Nə qədər ki, Rusiyadan Belorusa gələn qaz kəsilməyib, və nə qədər ki, Lukaşenkonun hakimiyyətinə təhlükə yoxdur, geridə qalanlar Lukaşenko üçün boş şeydir. Ancaq bəzən Yanukoviçlə eyni tale yaşayacağı barədə ağlına gələn fikirləri də Lukaşenko qovmağa çalışır və bəlkə də buna görə susur.

Yayılan bəyanatlardan belə nəticəyə gəlmək olar ki, Putinin kiçik qardaşlarını toplamaqda məqsədi: 1- Ukraynanın getməsinin onun SSRİ planının icrasını dayandırmayacağını və bu il planlaşdırdığı kimi Avrasiya İttifaqını yaradacağını, 2- Ermənistan və Qırğızıstan kimi lap kiçik qardaşları fikirləri dəyişməmiş ittifaqa daxil etməli olduqlarını, 3- Ukraynanı geri qaytarmaq üçün birlikdə yeni təzyiq strategiyası hazırlamalı olduqlarını onların diqqətinə çatdırmaq idi.

Ukraynanın bu üçlüyə qoşulmaması Avrasiya İttifaqının yaranmasını sual altına qoyur. Rusiya və Qazaxıstanın Avropaya satdığı qaz Ukrayna ərazisindən keçir. Ukrayna ittifaqa daxil olmasa ona Avropa qiymətləri tətbiq olunacaq, ancaq, Kiyevə lazımi iqtisadi dəstək verilərsə, o da İttifaqa tranzit üçün Avropa qiymətləri tətbiq edəcək.

Digər tərəfdən, Ukraynanın Avropaya inteqrasiya yolunu tutması artıq çoxdandır müzakirə olunan və 2020-ci ilədək reallaşması nəzərdə tutulan “Bəyaz Axın” layihəsinin icrasını tezləşdirə bilər. Bu layihənin mahiyyəti ondan ibarətdir ki, Azərbaycandan çəkilən qaz kəməri Gürcüstanın Supsa limanınadək uzadılsın, Supsadan isə Qara Dənizin dibi ilə Ukraynaya qədər çəkilsin. Ukraynadan gələcəkdə Rumınyaya aparıla bilər. İlkin mərhələdə Ukraynaya Azərbaycan qazının ixrac edilməsi, sonrakı mərhələdə isə Transxəzər qaz kəmərinin çəkilməsi ilə Türkmənistan və Özbəkistan qazının da bu boru vasitəsilə ixracı nəzərdə tutulur.

Əsas vacib məqam ondan ibarətdir ki, boru kəməri Qara dənizdən məhz Krıma çəkiləcək, Krımda isə qazpaylayıcı qurğu quraşdırılacaq. Qazın bir hissəsi Ukraynanın ehtiyaclarını ödəmək üçün ölkənin daxilinə uzadılacaq və əsas xəttlərə birləşdiriləcək. Digər hissəsi isə Rumınyaya ötürüləcək. Putin Krımdan ona görə yapışıb ki, “Bəyaz Axın” işə düşdüyü halda belə Kiyev Rusiyadan asılı qalsın.

Əgər “Bəyaz Axın” və Transxəzər layihələri işə düşərsə Rusiyanın Avropaya qaz ixrac etmə imkanları yalnız Belorus ərazisindən həyata keçə biləcək. Belə olan halda, Moskva Ukraynadan asılı düşəcək.

Digər vacib məqam ondan ibarətdir ki, Qazaxıstanın Rusiya və Ukraynadan olan Avropaya çıxışı bağlanacaq. Astana məcbur olacaq ki, Transxəzər kəmərinə qoşulsun. Bu da nəticədə, Qazaxıstanın da İttifaqdan üz döndərməsinə səbəb olacaq. Qazaxıstanın çıxması isə, Qırğızıstanın çıxmasına səbəb olacaq. Çünki qırğızlar əsasən əsas satış bazarları olan Qazaxıstan bazarına girmək üçün Gömrük İttifaqına daxil olmaq məcburiyyətindədirlər.

Sona kimi Rusiya-Belorus qardaşlığı qalacaq. Təbii ki, Ermənistan indidən gedən proseslərdən nəticə çıxarmalı və öz seçimini etməlidir.

Tofiq Əsgərov
AzVision.az üçün




Teqlər:





Xəbər lenti