“İstənilən təxribatın qarşısı peşəkarlıqla alınacaq” - Şair Ramaldanov

 “İstənilən təxribatın qarşısı peşəkarlıqla alınacaq” -   Şair Ramaldanov
  27 May 2021    Oxunub:1513
Xəbər verdiyimiz kimi, mayın 27-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən 6 hərbi qulluqçu mühasirəyə alınaraq saxlanılıb.

Sərhəddə baş verən hadisələri Azvision.az -a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib ki, əslində Ermənistanın bugünkü təxribatı qeyri-adi bir hadisə sayılmamalıdır. Çünki, biz ermənilərin indiyə kimi törətdiyi əməlləri unutmamışıq.

"Heç uzağa getməyək. Son 30 ilin hadisələri göz önündədir. Ona görə də, postmüharibə dövründə hər şeyin sakit şəkildə öz axarı ilə davam edəcəyi, onların öz yerlərində dinc duracaqlarını gözləmək olmazdı. Bu yanaşma sivil, normal dövlətlər arasında olan münasibətlərə uyğundur ki, müharibədən sonra dinclik təmin olunsun. Biz sivil davranırıq, qarşı tərəf isə, əvvəlki xislətindən əl çəkmir. Hələlik yalnız biz belə deyirik ki, müharibə bitib, torpaqlar azad olunub deyə, artıq sonrakı proseslər normal qonşuluq münasibətlərinə yönəlməlidir. İrəvan isə sülhə hazır görünmür”.

Şair Ramaldanovun sözlərinə görə, hazırda Ermənistanda gedən siyasi prosesləri, seçkiöncəsi gərginliyi və erməni tarixini, bu millətin xüsusiyyətini nəzərə alsaq, məlum addımların atılması, təxribatların olacağı gözləniləndir:

“Azərbaycanın güc strukturları yola saldığımız bu aylar ərzində çox böyük işlər görüblər. Azad olunan ərazilərdə bütün istiqamətləri incələyib, ola biləcək təxribatları nəzərdən keçiriblər. İndi bu ayıq-sayıqlığın nəticəsidir ki, erməni təxribat qruplarının qarşısı alınır. Ona görə də, erməni hərbçilərinin belə planlar qurmalarında təəccüblü bir şey görmədim. Çünki əgər İrəvan sülh müqaviləsi bağlamayıbsa və indiyə kimi rəsmilər bu ölkədə revanşist fikirlər səsləndirən siyasətçilərin, ictimai xadimlərin ağzından vurmayıblarsa, deməli, bu cür məsələlər hələ gündəmdə olacaq. Biz hər zaman təxribatlara hazır olmalıyıq. Bir daha xüsusi olaraq qeyd edirəm ki, Azərbaycanın güc strukturlarının bütün lazım olan tədbirlərə hazırlığını əvvəlcədən görmələri təqdir edilməlidir”.

Bundan əlavə, hərbi ekspert regionun ciddi şəkildə nəzarət altında saxlanıldığını vurğulayıb. Onun sözlərinə görə, Monitorinq qrupu, pilotsuz uçan aparatlarla havadan nəzarət və s. tipli tədbirlərlə istənilən təxribatın qarşısı alınacaq:

“Zənnimcə, erməni diversant qrupun ələ keçirilməsi və onlara cinayət işi açılması bizim qarşı tərəfə də ciddi siqnal ola bilər. Biz belə təxribatların qarşısını nə qədər çox alsaq, o qədər də bu xain planlar azalacaq. Onların əvvəlki iştahlarından əsər-əlamət qalmayacaq. Görəcəklər ki, mənfur niyyətlərini reallaşdıra bilmirlər. Bu gün təxribatlara getmək, cəmiyyətin diqqətini bu cür diversiya əməliyyatlarına çəkmək müəyyən siyasi oyunlara girərək dividentlər qazanmaq, hansı yolla olur –olsun hakimiyyətə yiyələnmək İrəvanda təbii prosesdir. Bu ölkə üçün seçki öncəsi dövrdə belə hərbi qalmaqalların yaradılacağını gözləmək olardı. Ona görə də, mənim şəxsi fikrim belədir ki, bugünkü təxribat sonuncu olmayacaq. Bundan sonra da yeni arzuolunmaz addımlar ata bilərlər. Amma istənilən təxribatın qarşısı Azərbaycanın güc strukturları tərəfindən peşəkarlıqla alınacaq”.

Mövzu ilə bağlı oxşar xəbərlər:

Kəlbəcərdə təxribata əl atan 6 erməni hərbçisi saxlanıldı

Müdafiə Nazirliyi düşmən təxribatı ilə bağlı yeni məlumat yaydı

XİN erməni təxribatının detallarını açıqladı

Kəlbəcərdə saxlanılan erməni diversantların ADLARI

Tural Tağıyev
Azvision.az


Teqlər: Təxribat   Ermənistan   Şair-Ramaldanov   Hərbçi  





Xəbər lenti