“91 səhifə zibildən 1 səhifə şedevr alınır” - Heminqueydən yazıçılıq dərsləri

  “91 səhifə zibildən 1 səhifə şedevr alınır”  -  Heminqueydən yazıçılıq dərsləri
  10 İyul 2021    Oxunub:3553
20-ci əsrin görkəmli Amerika yazıçılarından biri, bir neçə ədəbi nəsil üçün üslub müəyyən edən Ernest Heminqueyin ölümündən 60 il keçir. Kimlərsə onun üslubunu xəlvətcə təqlid etməyə çalışıb, kimlərsə açıq şəkildə məsləhət istəyib və Heminquey də onları əsirgəməyib. Ernest Heminqueyin məktublarından götürülən “necə yazmaq lazımdır” tezislərini oxuculara və yazıçılara təqdim edirik.
1. “Qoca və dəniz”də heç bir simvolika-filan yoxdur. Qoca – qocadır. Oğlan da oğlan. Köpək balığı elə köpək balığıdır, nə az, nə də çox.

2. Mənim adıma yazılan simvolika başdan-ayağa cəfəngiyyatdır. Sətirlərdən yalnız öz bildiklərini oxuya bilərsən. Yazıçı çox şey bilməyə borcludur.

3. Rəssamlar yazıçılardan üstündürlər. Neyləmək olar? Ancaq bu, belədir. Di gəl ki, onlar öz zibil qutularının içindəkiləri satırlar.

4. Yazdıqların haqqında kimin nə deyəcəyini, yaxud əsərinin şedevr olub-olmayacağını düşünmədən yaz. Məndə doxsan bir səhifə zibildən bir səhifə şedevr çıxır. Zibilləri zibilqabına atmağa çalışıram.

5. Sizdə etalon - əvvəllər sınaqdan çıxarılmış etalon yoxdur. Yalnız ağ kağız, qələm, real həyatdan daha inandırıcı xəyal etmək zərurəti var. Hiss olunmayanı hiss olunana çevirmək lazımdır ki, hər şey təbii görünsün.

6. Yazıçıya mane olan şey dinləməyi bacarmamaqdır. Biliklərimizin qaynağı məhz görmək və dinləmək bacarığıdır. Sən yaxşı görürsən, ancaq dinləməyi tərgitmisən.

7. Bir dəfə Madriddə pyes yazmışdım. O zaman o pyes mənə yaxşı görünürdü, ancaq təbii ki, bu, belə deyildi. Onda bir ingilisin kitabını oxuyurdum, son dərəcə pis, ancaq effektli dildə yazılmışdı. Mən miskin bir buqələmun kimi onu yamsılayırdım. Səhər yeməyinə qədər roman oxuyanda bax, belə olur.

8. Səhərlər işləməyə başlamazdan qabaq mənasız yamsılama ilə məşğul olmaqdan, kiminsə təsirinə düşməkdən və özümə yuxarıdan baxmaqdan qaçmaqdan ötrü heç nə oxumamağa çalışıram.

9. Bütün hekayələrimdə əsl həyat duyğusundan bəhs etməyə çalışıram. Həyatı ancaq təsvir və ya tənqid etmirəm, sadəcə, kağıza köçürürəm. Çalışıram, hekayəni oxuyanda onu özünüz də yaşayasınız.

10. Yaxşı alınanda elə bilirəm bunu kimdənsə oğurlamışam, sonra yadıma düşür ki, bunu heç kəs bilə bilməzdi və əslində bu heç vaxt olmayıb da. Deməli, hər şeyi özüm uydurmalı olmuşam. Onda özümü xoşbəxt sayıram.



11. Ata və yazıçıya qiymət verərkən ilk növbədə onların qüsurlarını araşdırmağa çalışıram. Onların yaxşı olması təbii haldır, əks təqdirdə diqqət yetirməyinə belə dəyməz.

12. Əgər real insanların haqqında yazırsansa, onları özlərinə xas olmayan şeylərə məcbur etmək olmaz. Uydurmaq çox gözəl şeydir, ancaq həqiqətdə baş verə bilməyəcək şeyi uydurmaq olmaz.

13. Əziz Skot (Fitscerald - red.) , sən indi özünü əzəmətli saydığın dövrdəkindən iki dəfə yaxşısan. Bilirsən, mən heç vaxt “Qetsbi"ni şedevr saymamışam. Sən indi iki dəfə yaxşı yaza bilərsən.

14. Mən indi yaxşı yazmağa çalışıram, babalarımız haqda az bilir və onları ideallaşdırmağa cəhd etmirəm. Yaxşı yadımdadır: babam danışırdı ki, Qrantı hər dəfə oyadanda, öz ifadələrindən utanıb-sıxılmırdı.

15. Yayda işləməyə həvəs olmur. Payızdakı kimi ölümün yaxınlaşdığını hiss etmirsən. Ona görə biz payızda qələmə sarılırıq.

16. Mən uğursuz adamam və kitablarımdakı ab-hava hazırda küçədə olduğu kimidir. Oxucuya bütün yay boyu sürən dəhşətli istilər haqqında fikirlər sırımaq istəmirəm, çünki kondisionerli otaqda işləyirəm. Bu isə təyyarənin hermetikləşdirilmiş salonunda yazmağa cəhd etmək qədər qeyri-təbiidir. Sanki yazırsan, ancaq hər şey saxta alınır, elə bil istixanada işləyirsən.

17. Ciddi bir şey yazmağa başlamazdan qabaq həqiqi qəlb ağrısı hiss etməlisən. Bu lənətə gəlmiş ağrını hiss edəndə, onu mümkün olduğu qədər sıxıb suyunu çıxar, onunla oynama.

18. Hər şeyi unutmaq lazımdır. Daim keçmişə qayıtmaq, yaxud şeyləri bir vaxtlar olduğu kimi görməyə çalışaraq “qıcıqlanmaq” lazım deyil.

19. İşlər çox pis olsa da və yoluna düşməsə də, geri çəkilmək olmaz. Əsas odur ki, romana girişdinsə, nəyin bahasına olursa-olsun, onu lənətə gəlmiş sona qədər aparmalısan.

20. Söz-söz yazmağa başlayın və hər şey alınacaq... Belletrist yazıçılar sadəcə fövqəlyalançılardır. Əgər çox bilir və yetərincə intizamlıdırlarsa, elə yazırlar ki, uydurma həqiqətdən inandırıcı olur.

Nadir Qocabəyli
Azvision.az


Teqlər: Heminquey   yazıçı   sitatlar  





Xəbər lenti